“Azercell” ətraf mühitin mühafizəsi sahəsində yeni layihə həyata keçirir
Bakı, 8 noyabr (AZƏRTAC). “Azercell Telekom” MMC ətraf mühitin mühafizəsi sahəsində “Karbon kalkulyatoru” layihəsini həyata keçirir.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, layihənin məqsədi ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirmə işlərini gücləndirmək və Yer kürəsində iqlim dəyişikliyinin qarşısının alınmasına töhfə verməkdir.
Layihə çərçivəsində abonentlər atmosferə atılan karbon qazının miqdarını ölçə biləcəklər. Belə ki, “Karbon kalkulyatoru”ndan istifadə etmək üçün: www.azercell.com/carbon veb-səhifəsinə daxil olmaq lazımdır.
Ətraf mühitin mühafizəsi məsələsi daim “Azercell”in diqqət mərkəzində olmuşdur. Şirkət alternativ enerji mənbəyi ilə işləyən radio baza stansiyasını işə salan ilk mobil operatordur. 2009-cu ildə Şahdağda istismara verilən bu stansiya günəş və külək enerjisindən istifadə etməklə fəaliyyət göstərir.
Alimlər sübut etmişlər ki, Yer kürəsində baş verən iqlim dəyişikliyinin bir səbəbi də karbon qazının atmosferə buraxılması ilə əlaqədardır. Ötən 10 il ərzində planetin ümumi hərarəti 1 dərəcə artmışdır. Əgər karbon qazının artması bu cür sürətlə davam edərsə, Yerin temperaturu əsrin sonunadək 11 dərəcə arta bilər. Bu isə Yer kürəsinin iqlimində kəskin dəyişikliklərə və qarşısıalınmaz fəsadlara gətirib çıxara bilər.