İQTİSADİYYAT
“Azərenerji” bu il 18 ixtisasartırma və 13 işə qəbul kursu təşkil edib

Bakı, 20 noyabr, AZƏRTAC
Kadr hazırlığı məqsədilə “Azərenerji” ASC cari ildə 18 ixtisasartırma və 13 işə qəbul kursu təşkil edib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, qurumun rəhbərliyi dövlətimizin başçısının enerji sisteminin perspektivləri ilə bağlı qarşıya qoyduğu hədəflərə çatmaq, gənc kadrları önə çəkmək, peşəkarlara şərait yaratmaq məqsədi ilə kadr məsələsinə xüsusi diqqət ayırır. Belə ki, son aylarda kadr hazırlığı məqsədilə Tədris Mərkəzinin formalaşdırılmasından tutmuş, fasiləsiz təhsil, davamlı insan resurslarının inkişafı və başqa istiqamətləri özündə əks etdirən xüsusi konsepsiya hazırlanaraq icrasına başlanılıb. Bununla yanaşı elektrik stansiya və şəbəkələrində çalışan mütəxəssislərin bilik və peşəkarlıq səviyyələrinin artırılması məqsədilə 18 ixtisasartırma və 13 işə qəbul kursu təşkil olunub. İxtisasartırma kurslarına 220 nəfər, işə qəbul kurslarına isə 136 nəfər cəlb edilib. Bundan əlavə “Wartsila” şirkəti tərəfindən Nəzarət Ölçü Çihazları və Avtomatika üzrə ixtisasartırma kursunda iştirak üçün 5 nəfər Finlandiyaya göndərilib.
Eyni zamanda, “General Elektrik” və “ABB” şirkətlərinin nümayəndələri Azərbaycana gələrək xüsusi kurslar təşkil edib. Belə ki, “General Elektrik” tərəfindən ixtisasartırma kursuna 10, “ABB” şirkəti tərəfindən isə “Micro Scada” üzrə 5, Rele Mühafizəsi və Avtomatika ixtisası üzrə ixtisasartırma kursuna isə 14 nəfər cəlb olunub.
Hazırda 8 ixtisasartırma kursu davam etdirilir. Noyabrın 20-dən başlayaraq Elektrik Stansiyalarının bütün texnoloji sexlərində hər vəzifə üzrə ixtisasartırma kursunun başlaması üçün tədris planı hazırlanır.