“Azərikimya” İstehsalat Birliyində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
Sumqayıt, 24 fevral (AZƏRTAC). ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin (İB) baş ofisində Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir.
Şəhər ictimaiyyəti nümayəndələrinin də iştirak etdiyi tədbirdə əvvəlcə Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbir iştirakçılarına 20 il bundan əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xankəndində yerləşən 366-ci motoatıcı alayın dəstəyi ilə erməni silahlı qüvvələrinin Xocalı şəhərində törətdikləri soyqırımı haqqında məlumat verilmişdir.
Ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqına müraciətində qeyd edilmiş: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” fikri tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
İB-in Мüşahidə Şurasının sədri, Milli Мəclisin deputatı Muxtar Babayev, Sumqayıt bələdiyyəsinin sədri Əbülfəz Babayev, şair-dramaturq Əvəz Mahmud Lələdağ çıxış edərək erməni faşistlərinin 20 il əvvəl törətdikləri vəhşiliyə münasibətlərini bildirmiş, tədbir iştirakçılarını heç vaxt unutqanlığa yol verməməyə, mübarizliyə səsləmiş, Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ və işğal olunmuş digər Azərbaycan əraziləri ilə bağlı yürütdüyü daxili və xarici siyasəti dəstəkləyərək, işğal altında olan torpaqlarımızın aparılan uğurlu siyasət nəticəsində erməni qəsbkarlarından tezliklə azad ediləcəyinə əminlik ifadə etmişlər.
Tədbirdə H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında Xocalı faciəsinə həsr olunmuş tamaşadan səhnələr təqdim olunmuşdur.
Qeyd edək ki, “Azərikimya” İB-də Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər kecirilmişdir. Anım mərasimləri “Kimyalayihə” İnstitutunda, etilen-polietilen, üzvi sintez və mexaniki təmir zavodlarında, həmçinin anbar təsərrüfatı, nəqliyyat və xüsusi texnika idarəsində də keçirilmişdir.