“Azərişıq” 4 rayonda yerləşən yarımstansiyalarda yenidənqurma işləri aparır
Bakı, 21 avqust, AZƏRTAC
Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) təmas xəttində yerləşən Elektrik Şəbəkəsində geniş miqyaslı yenidənqurma işləri aparılır.
“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, məqsəd təmas xəttində yaşayan sakinlərin və həmçinin məcburi köçkünlərin məskunlaşdığı kənd və yaşayış məntəqələrini daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin etməkdir.
Füzuli rayon Elektrik Şəbəkəsinin ərazisində yerləşən gücü 35/10 kV olan “Böyük Bəhmənli” yarımstansiyası gücü artırılaraq tamamilə yenidən qurulur. Bu yarımstansiya 20 minədək sakini, o cümlədən məcburi köçkünlərin yaşadığı dörd kəndi, həmçinin Füzuli rayonunu içməli su ilə təmin edən nasos stansiyasını qidalandırır.
Beyləqan Elektrik Şəbəkənin ərazisində yerləşən 35/10 kV-luq “Dostluq” yarımstansiyası strateji əhəmiyyətə malikdir. Gücü artırılan yarımstansiya yenidən qurulur, avadanlıqları tamamilə yenilənib. Bu yarımstansiya hərbi hissələri, aeroportu, rayonu içməli su ilə təmin edən nasosları, artezian quyularını, qaçqın və məcburi köçkün şəhərciyini, eləcə də bir neçə iri sənaye müəssisəsini elektrik enerjisi ilə təmin edir.
Eləcə də təmas xəttində yerləşən Ağdam Elektrik Şəbəkəsinə aid 35/10 kV-luq “Xındırıstan” yarımstansiyasında da yenidənqurma işlərinə start verilib. 50 il öncə tikilən yarımstansiya 8 kənd və 1 qəsəbəni, o cümlədən 220-dən çox artezian quyusunu, həmçinin hərbi hissəni dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edir. Ağdamın düşmənlə üz üzə dayanan və birbaşa təmas xəttində yerləşən Əhmədağalı və Çıraqlı kəndlərində də elektrik enerji sistemi tamamilə yenidən qurulur. Kəndlər yeni Hava veriliş xətləri, kabellərlə, transformator və yeni sayğaclarla təmin olunub. Ümumilikdə 2500-dək kənd sakini bundan sonra daha dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Yenidənqurma işlərinin aparıldığı digər yarımstansiya İmişli rayonu ərazisində yerləşən “Bəhramtəpə” yarımstansiyasıdır. Ümumilikdə 10 mindən çox sakinin yaşadığı ərazini elektrik enerjisi ilə təmin edən bu yarımstansiyadan, həmçinin bir neçə sənaye müəssisəsi, artezian quyuları qidalanır.