“AZƏRREYL” KOMANDASI İTALİYA ÇEMPİONUNU 3:2 HESABI İLƏ MƏĞLUB ETMİŞDİR
Bu mötəbər yarışlarda ölkəmizi təmsil edən “Azərreyl” komandası Bakı İdman Sarayında İtaliya çempionu “Pallavolo Sirio” klubunu qəbul etmişdir. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə qalib yalnız 5 hissədən sonra məlum olmuşdur. Beləliklə, qarşılaşma 3:2 hesabı ilə baş məşqçi Faiq Qarayevin yetirmələrinin xeyrinə qurtarmışdır (14:25, 25:22, 21:25, 25:17, 15:13). Cavab görüşü isə 2006-cı il yanvarın 11-də İtaliyanın Peruca şəhərində olacaqdır.
Xatırladaq ki, güclü voleybolçuları ilə tanınan Serbiya və Çernoqoriya, Polşa, Braziliya və digər ölkələrdən legioner oyunçularla heyətini gücləndirmiş “Pallavolo Sirio” “dünya milli yığması” adı almışdır. Avropa çempionlar liqasında qalib gəlmək niyyətində olan “Azərreyl” isə heyətini ukraynalı voleybolçularla gücləndirmişdir. Klub Marina Qarçanyuk və Lidya Maksimenko ilə birillik müqavilə bağlamışdır.
Üçüncü turun oyunları noyabrın 3-də keçiriləcəkdir. Bu turda “Azərreyl” Zaqreb şəhərində yerli “Mladost”un qonağı olacaqdır.