“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ətraf mühitin qorunmasına töhfəsini artırır
Bakı, 2 dekabr (AZƏRTAC). “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ekoloji sabitliyin təmin olunması və ətraf mühitin qorunmasına öz töhfəsini verməkdədir. Səhmdar Cəmiyyətin həyata keçirdiyi ekoloji tədbirlər çərçivəsində yaşıllaşdırma işləri xüsusi əhəmiyyət kəsb edir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 2011-ci ildən başlayaraq yaz və payız mövsümlərində Səhmdar Cəmiyyətin əmək kollektivlərinin təşəbbüsü ilə idarə və müəssisələrdə, su anbarlarının və təmizləyici qurğuların yerləşdiyi ərazilərdə geniş yaşıllaşdırma işləri aparılır.
Cari ilin noyabrın ayının əvvəllərindən növbəti yaşıllaşdırma tədbirlərinə başlanılmışdır. Ötən ayda Ceyranbatan su kəmərləri idarəsi, Hövsan aerasiya stansiyası, mərkəzi su anbarlarının ərazilərində ağacəkmə kampaniyaları təşkil olunmuşdur. Bu tədbirlər çərçivəsində müxtəlif növdə 10 minə yaxın ağac əkilmiş, yaşıllıqlar salınmışdır.
Ümumilikdə 2013-cü ilin yanvar-noyabr aylarında Səhmdar Cəmiyyətin idarə və müəssisələrinin yerləşdikləri ərazilərdə müxtəlif növdə 27 min ədəd həmişəyaşıl, 688 ədəd dekorativ, 3440 ədəd meyvə ağacı, 106 min ədəd mövsümü gül, 5 min ədəd qızılgül kolu əkilmişdir.
Bununla yanaşı, 10 min kvadratmetr sahədə qazon otu səpilmiş, ağacların suvarılması məqsədi ilə 2,6 kilometr uzunluğunda su xətti çəkilmiş və damcı suvarma sistemi qurulmuşdur. Həmçinin ötən illərdə əkilmiş ağaclara qulluq göstərilmiş və abadlıq işləri aparılmışdır.