“Azərsu” ASC yaşıllaşdırma tədbirləri həyata keçirir
Bakı, 15 mart, AZƏRTAC
Fevral ayından “Azərsu” ASC-nin bütün idarə və müəssisələrində növbəti ağacəkmə kampaniyasına start verilib.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ağacəkmə tədbirləri idarə və müəssisələrdə, o cümlədən yeni istifadəyə verilən obyektlərin yerləşdiyi ərazilərdə aparılır. Yaşıllaşdırma tədbirlərində “Azərsu” ASC aparatının, idarə və müəssisələrin, yerli su-kanal idarələrinin əməkdaşları yaxından iştirak edir. Yeni istismara verilən “Dədə Qorqud” və “Zirə” anbarlarının ərazisində “Azərsu” ASC aparatının əməkdaşları tərəfindən geniş yaşıllıq zolağı salınıb. Qısa müddət ərzində 6 minədək şam, zeytun, sərv, heyva, nar, əncir, albalı ağacı, 10 minədək müxtəlif dekorativ bitki əkilib.
Qeyd edək ki, 2011-ci ildən “Azərsu” ASC-də yaşıllaşdırma tədbirləri mütəşəkkil qaydada həyata keçirilir. 2011-2015-cı illərdə ASC-nin idarə və müəssisələrinin, hidrotexniki qurğularının yerləşdiyi ərazilərdə 441 hektar yaşıllıq sahəsi yaradılıb. Yaşıllaşdırma tədbirləri çərçivəsində 150 minə qədər müxtəlif növdə ağac və kol bitkiləri, 430 minədək mövsümi gül əkilib. Ötən müddətdə 74 min kvadratmetr ərazidə qazon sahəsi salınıb, əvvəlki illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib və abadlıq işləri aparılıb.