İQTİSADİYYAT
“Azərsu” “Borcun araşdırılması üzrə müraciət” xidmətinin sosial şəbəkələr üzərindən aparılmasına başlayıb
Bakı, 2 iyul, AZƏRTAC
“Azərsu” ASC-nin 2018-ci ilin sonlarından istifadəyə verdiyi “Borcun araşdırılması üzrə müraciət” xidmətinin “Facebook” və “Telegram” şəbəkələri üzərindən aparılmasına başlanıb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, indiyədək bu xidmətdən istifadə “www.e-gov.az” portalına keçid almaqla aparılırdı. Bundan sonra abonentlər portalla yanaşı, “www.azersu.az” saytında yerləşdirilmiş “Facebook” və “Telegram” şəbəkələrinə qoşulmaqla xidmətdən yararlana bilərlər. Müraciətin qeydiyyata alınması üçün tələb olunan məlumatlar sistemə elektron formada daxil edilməlidir.
Müraciət qeydiyyata alındıqdan sonra ASC-nin müvafiq struktur vahidinə icraya yönləndirilir. Daxil olan müraciətə aidiyyəti üzrə baxılaraq araşdırılır və təqdim olunan məlumatlar düzgün olduğu təqdirdə müraciət icra üçün qəbul olunur. Təqdim olunmuş məlumatlar uyğun olmadıqda isə abonentlə əks-əlaqə yaradılır.
Araşdırma nəticəsində sayğac göstəricilərinin yerində yoxlanılmasına ehtiyac yarandıqda sayğaca baxış keçirilməklə dəqiqləşdirilmə aparılır. Yoxlamanın nəticəsindən asılı olaraq abonentin borcuna düzəliş edilməli olduğu hallarda sənədlər “Azərsu” ASC-də ərizələrin və şikayətlərin araşdırılması ilə bağlı daimi fəaliyyət göstərən komissiyaya göndərilir və müvafiq əməliyyatlardan sonra abonentin borcunda dürüstləşmələr aparılır. Komissiya tərəfindən müraciətin icrasından imtina edildikdə abonent səbəbi qeyd edilməklə məlumatlandırılır. Müraciətin nəticəsi haqda məlumat abonentin elektron poçt ünvanına, SMS vasitəsilə mobil telefonuna və “Telegram” səhifəsinə göndərilir.
Cari ilin mayından “Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması” xidməti də istifadəyə verilib. Bu xidmətin köməyi ilə vətəndaşlar mexaniki sayğacların göstəricilərini daha rahat şəkildə təqdim edə və bildirişləri elektron qaydada əldə edə bilirlər. Bunun üçün abonentlər ASC-nin “Facebook” səhifəsinə daxil olub məlumatları təqdim edirlər. Bundan sonra bu xidmət həm də “Telegram” şəbəkəsi vasitəsilə də aparılacaq.
Tətbiq olunan yeni xidmətlərdən istifadə ilə bağlı təlimatlar videoçarx şəklində “Azərsu” ASC-nin “Facebook” səhifəsində yerləşdirilib.
https://www.facebook.com/306749046155031/videos/2424642757839861
https://www.facebook.com/306749046155031/videos/1436189613245043
https://www.facebook.com/306749046155031/videos/1185573718501486