AZƏRTAC-ın Çin mövzusunda materialları əsasında elmi tədqiqat aparılıb
Pekin, 30 oktyabr, AZƏRTAC
Çinin Çendu şəhərində yerləşən Sıçuan Pedaqoji Universitetində “Ağıllı kommunikasiya və cəmiyyətin inkişafı: kommunikasiya psixologiyasını kəşf et” devizi altında 14-cü Xəbər və Kommunikasiya Psixologiyası Simpoziumu keçirilib.
Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, fəlsəfə doktoru Aqşin Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın Çin ilə əlaqəli 6 minə yaxın materialı üzrə mətn analizi və statistik analiz metodlarından istifadə edərək apardığı tədqiqat barədə simpoziumda çıxış edib. Tədqiqat zamanı AZƏRTAC-ın müvafiq materialları əsasında Azərbaycan-Çin münasibətlərinin əsas istiqamətləri, Azərbaycanda Çinin imici, “Kəmər və Yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq, iki ölkəni maraqlandıran və narahat edən əsas mövzular data təhlil olunub. Bununla Azərbaycanın rəsmi agentliyinin materialları əsasında Azərbaycan-Çin münasibətlərinə elmi yanaşılıb.
A.Əliyev auditoriyaya Azərbaycan Dövlət İnformasiya Agentliyinin tarixi, fəaliyyət istiqamətləri, Çinin media qurumları, o cümlədən Sinxua agentliyi, “China Daily”, “Global Times” qəzetləri ilə əməkdaşlığı barədə müfəssəl məlumat verib.
Qeyd edək ki, 1994-cü ildən bəri keçirilən Xəbər və Kommunikasiya Psixologiyası Simpoziumunda bu il 50-dən çox universitetdən 100-dən artıq alim iştirak edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin