AZƏRTAC və İtaliyanın Askanews xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb
Bakı, 30 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və İtaliyanın Askanews xəbər agentliyi əməkdaşlıq və informasiya mübadiləsi haqqında Anlaşma Memorandumu imzalayıb.
Sənədə əsasən, agentliklər xəbər, foto və video mübadiləsi həyata keçirəcək, oxuculara və abunəçilərə Avropa və Asiyanı birləşdirən yeni multimedia və multiplatformalı informasiya kanalı təklif edəcəklər.
Tərəfdaşlıq İtaliya və Azərbaycan arasında ikitərəfli, regional və qlobal məsələlər üzrə əməkdaşlığı, habelə bu ölkələrin vətəndaş cəmiyyətləri arasında əlaqələri işıqlandırmaq məqsədilə agentliklər arasında informasiya mübadiləsini nəzərdə tutur. Bundan əlavə, sənəd İtaliya və Azərbaycan biznes qurumlarının tələblərinə cavab verən ixtisaslaşdırılmış informasiya-kommunikasiya xidmətləri və məhsulları təqdim etmək üçün transmilli əməkdaşlığın yeni sahələrini inkişaf etdirmək məqsədi daşıyır.
“AZƏRTAC ilə Askanews arasında imzalanmış Memorandum Azərbaycanla onun əsas ticarət tərəfdaşı olan İtaliya arasında informasiya mübadiləsinin gücləndirilməsi istiqamətində mühüm addımdır. Bu əməkdaşlıq hər iki ölkədə baş verən proseslərin daha geniş və obyektiv işıqlandırılmasına xidmət edəcək, eyni zamanda, siyasi, iqtisadi, mədəni və digər sahələrdə münasibətlərin inkişafına töhfə verəcək. Əminik ki, bu tərəfdaşlıq xalqlarımız arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və media sahəsində ikitərəfli əlaqələrdə yeni imkanların açılmasına şərait yaradacaq”, - deyə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev vurğulayıb.
Bununla əlaqədar Askanews agentliyinin baş redaktoru Gianni Todini deyib: “Biz İtaliya ilə ilk növbədə enerji və müdafiə sahələrində güclü ticarət əlaqələri olan, həmçinin beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoq platforması kimi tanınan, geosiyasi baxımdan strateji ölkə olan Azərbaycan ilə bu yeni razılaşmaya şadıq. Əminik ki, bu sənəd, həmçinin ölkələrimiz arasında mədəni, akademik və elmi əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək”.