ELM VƏ TƏHSİL
AzMİU-da beynəlxalq reytinq agentliyinin əməkdaşları ilə görüş olub
Bakı, 26 sentyabr, AZƏRTAC
Böyük Britaniyanın “Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyinin konsaltinq komandası Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) inzibati və akademik heyəti ilə görüşüb.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, görüş reytinq agentliyinin nümayəndələri Veronika Omeni, Dara Buxtoyarova, Zaeem Siddiqui, Nilli Kastano ilə universitetin əməkdaşları arasında qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilib.
Strateji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə reallaşan görüşdə agentliyin əməkdaşları təmsil etdikləri qurumun fəaliyyət istiqamətlərindən danışıb, bununla yanaşı, AzMİU-nun QS reytinqlərində performans qiymətləndirilməsinə dair infoqrafik məlumatları təqdim ediblər. AzMİU-nun son reytinq nəticələrindəki müsbət irəliləyişlər vurğulanıb, eləcə də universitetin inkişaf strategiyasının daha da təkmilləşdirilməsi istiqamətində təkliflər səsləndirilib.
Agentliyin əməkdaşları bir sıra yerli və xarici ali təhsil müəssisələrinin reytinq cədvəlindəki mövqeyi ilə AzMİU-nun müqayisəli təhlilini aparıb, irəliləyişi daha da artırmaq üçün görülməli işləri diqqətə çatdırıblar.
Yekunda agentliyin üzvləri universitet əməkdaşlarının suallarını cavablandırıblar.