İQTİSADİYYAT
AZPROMO nümayəndələri İspaniyaya işgüzar səfər edəcək

Bakı, 23 oktyabr, AZƏRTAC
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndələri İspaniya Krallığına işgüzar səfər edəcək.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, bu barədə agentliyin rəhbəri Yusif Abdullayev Madrid Ticarət, Sənaye və Xidmətlər Palatası ilə onlayn görüşdə deyib.
O, Agentliyin fəaliyyət istiqamətləri, o cümlədən bu ay AZPROMO-nun nümayəndələrinin İspaniya Krallığına planlaşdırılan işgüzar səfəri zamanı qarşıya qoyulmuş hədəflər barədə məlumat verib.
Görüşdə İspaniya şirkətlərinin Azərbaycan iqtisadiyyatında daha aktiv iştirakının vacibliyi vurğulanıb və bu istiqamətdə İspaniyada ölkəmizin investisiya layihələrinin təqdimatının ("Investment Roadshow") keçirilməsi təklif olunub.
Madrid Palatasının baş direktorunun müavini Elza Yansen investisiya əlaqələrinin genişləndirilməsi baxımından “Investment Roadshow” tədbirinin perspektivlərini yüksək qiymətləndirib. O, Palatanın AZPROMO-nun İspaniyaya planlaşdırılan işgüzar səfəri çərçivəsində əlaqələndirmə işlərinə, eləcə də gələcəkdə müxtəlif formatlarda tədbirlərin və görüşlərin təşkilinə dəstək göstərməyə hazır olduğunu bildirib.
Tərəflər, həmçinin Madrid Ticarət, Sənaye və Xidmətlər Palatası və AZPROMO nümayəndələri arasında əməkdaşlığın hüquqi çərçivəsinin müəyyən edilməsi istiqamətində fikir mübadiləsi aparıb. Qurumlar arasında müvafiq sazişin imzalanması üçün məlumat mübadiləsinin aparılmasına dair razılıq əldə olunub.