AZPROMO TƏMSİLÇİSİ BEYNƏLXALQ TƏDBİRLƏRDƏ İŞTİRAK ETMİŞDİR
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (OSCE), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə keçirdikləri “Mərkəzi Asiya və Qara dəniz bölgələrində investisiyalar və inkişaf” adlı konfransda dövlət rəsmiləri, beynəlxalq maliyyə təsisatlarının, müxtəlif ölkələrin investisiya və ixraca dəstək agentliklərinin nümayəndələri iştirak etmiş, investisiya mühitinin yaxşılaşdırılması yolları, investisiya sahəsində islahatlar və s. məsələlər müzakirə olunmuşdur.
Müzakirələrdə Cənubi Qafqaz ölkələrinin bu sahədəki təcrübəsi məsələsinə də toxunulmuşdur. Elşən Qurbanov konfrans iştirakçılarına Azərbaycanda investisiya mühiti ilə bağlı məlumat vermişdir. O, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı barədə məlumat verərək qeyd etmişdir ki, bu gün Azərbaycan hökumətinin iqtisadi siyasəti üç əsas istiqamətdə qurulur: qeyri-neft sektorunun inkişafı, bölgələrin inkişafı və yoxsulluqla mübarizə. İstənilən xarici investor bu və digər proqramlar çərçivəsində onun üçün maraq kəsb edən layihələrdə iştirak edə bilər.
“İslam İnkişaf Bankına üzv ölkələrdə ixracatın təşviqi və Bankın rolu: cari vəziyyət və məqsədlər” adı altında keçirilən seminarı isə İslam İnkişaf Bankı (İİB) təşkil etmişdi. Tədbirdə ixracatın təşviqinə maneələr, İİB üzvləri arasında ticarət əlaqələrinin dəstəklənməsində Bankın rolu, bu sahədə əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.
Elşən Qurbanov ixracatın təşviqi ilə məşğul olan təşkilatların məlumat şəbəkəsini yaratmaq, məlumat mübadiləsi sistemini qurmaq və s. təkliflərlə çıxış etmişdir. Səsləndirilən təkliflər seminarın yekun hesabatında və tövsiyələrində öz əksini tapmışdır.