AzTU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil edilib
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) qış semestrinin imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə mediatur iştirakçıları AzTU-nun kampusu ilə tanış olublar. Rektor Vilayət Vəliyev AzTU-da görülən işlər haqqında onlara məlumat verib.
Daha sonra auditoriyalarda imtahanın gedişi izlənilib. Məlumat verilib ki, Texniki Universitetdə imtahanlar əyani təhsil alan I kurslar üçün test, yazılı və şifahi, əyani təhsil alan II, III və IV kurslar üçün şifahi (yazılı) üsulla keçirilir. Qiyabi təhsil alan I, II, III, IV kurslar üçün imtahanlar test, V kurslar üçün isə şifahi (yazılı) üsulla təşkil edilib. Magistratura səviyyəsində isə imtahanlar şifahi (yazılı) üsulla keçirilir.
Qeyd olunub ki, sessiyanın gedişinə nəzarət, həmçinin şəffaflığın təmin olunması məqsədilə AzTU-da Apellyasiya Komissiyası, İmtahan Qərargahı və "Qaynar xətt" (+99412 539 13 05) fəaliyyət göstərir.
Sonda valideynləri və media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.