Babək rayonunun səhiyyə işçilərinə ikinci doza vaksin vurulub
Babək, 12 mart, AZƏRTAC
Babək Rayon Mərkəzi Xəstəxanasının, gigiyena və epidemiologiya şöbəsinin, Nehrəm və Cəhri qəsəbə sahə xəstəxanalarının, həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin 321 tibb işçisi “CoronaVac” vaksini ilə peyvəndlənib. Bu məqsədlə xəstəxanalarda xüsusi otaqlar ayrılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ay ərzində Sədərək Rayon Mərkəzi Xəstəxanasında 56, Kəngərli Rayon Mərkəzi Xəstəxanasında 132, Ordubad Rayon Mərkəzi Xəstəxanasında 190, Şahbuz Rayon Mərkəzi Xəstəxanasında 230 səhiyyə işçisinə COVID-19 infeksiyasına qarşı peyvəndin ikinci dozası vurulub.
Qeyd edək ki, Naxçıvan şəhərinin tibb müəssisələrində, o cümlədən rayonlarda səhiyyə işçiləri arasında COVID-19 xəstəliyinə qarşı vaksinasiyanın ilk mərhələsi zamanı 3 min 500 tibb işçisi vaksinasiya edilib. Təhlükəsizliyinə və effektivliyinə görə seçilən bu vaksinasiyada heç bir narahatlıq müşahidə olunmayıb.