“Bacarıqlı ol” usta yanında öyrənmə proqramı çərçivəsində ödənişsiz hazırlıq təlimləri davam edir
Bakı, 23 aprel, AZƏRTAC
“Bacarıqlı ol” usta yanında öyrənmə proqramı çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin “Bazarstore” MMC supermarketlər şəbəkəsi ilə martın 3-dən etibarən icra edilən “Satıcı-kassir” ixtisası üzrə qısa müddətli ödənişsiz hazırlıq təlimləri uğurla davam edir.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, on iki həftəlik təlim proqramını əhatə edən layihənin səkkiz həftəsi artıq arxada qalıb. Proqram nəzəri və praktiki bilik və bacarıqları özündə birləşdirir. Belə ki, həftənin 2 günü müdavimlərə onlayn nəzəri dərslər keçirilir, növbəti 3 gün isə onlar “Bazarstore” MMC-nin “Qara Qarayev”, “Xətai” və “Nəsimi” mağazalarında 9 nəfər ustanın rəhbərliyi ilə təcrübə qazanırlar.
Təlimin sonunda iştirakçılara sertifikat veriləcək və qiymətləndirmə nəticələrinə görə ən yüksək bal toplamış 5 müdavim “Bazarstore” MMC adından əlavə olaraq mükafatlandırılacaq. Təlimi uğurla başa vuran müdavimlər/təcrübəçilər “Bazarstore” MMC mağazalar şəbəkəsində işləmək imkanı qazanacaqlar. Həmçinin təlim proqramı müddətində müdavimlərə yol xərci ödənilir, müdavimlər uniforma və qida ilə təmin olunurlar. Proqram müdavimləri təlim müddətində fərdi qəza sığortası ilə sığortalayır.
Mayın 31-dək davam edəcək təlimin məqsədi peşə məktəblərində oxuyan tələbələrin və işsiz şəxslərin praktiki formada təcrübələrinin təşkili, habelə peşə təhsilinin əhatə dairəsinin genişlənməsini təmin etməkdir.
Qeyd edək ki, tələbənin real işdə “təcrübəyə əsaslanan öyrənmə” metodu üzrə həyata keçirilən proqram nəzəri biliklərin onlayn, praktiki biliklərin, bacarıq və səriştələrin isə paralel olaraq tərəfdaş şirkətdə real iş mühitində əldə edilməsini təmin edir.