Bakı aeroportunun sərnişin dövriyyəsi 5,3 milyonu ötüb
Bakı, 7 dekabr, AZƏRTAC
Bu ilin yanvar-noyabr aylarında Heydər Əliyev Beynəlxalq Aeroportunun ümumi sərnişin dövriyyəsi 31,2 faiz artaraq 5 milyon 301 min nəfər təşkil edib.
Beynəlxalq Aeroportdan AZƏRTAC-a bildirilib ki, bu, ötən ilin eyni dövründə bu göstərici 4 milyon 40 min nəfər olub. Bu müddət ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 45 minə yaxın reys həyata keçirilib.
Beynəlxalq istiqamətlərdə daşınan bütün sərnişinlərin 58,5 faizi xarici aviadaşıyıcıların payına düşür ki, bu dövrdə onlar tərəfindən 2 milyon 710 min sərnişin daşınıb. Bakı hava limanından sərnişin daşımalarının qalan hissəsini isə "Azərbaycan Hava Yolları" (AZAL) həyata keçirib. Bu dövrdə AZAL 1 milyon 925 mindən çox sərnişinə beynəlxalq uçuşlarda, 660 min sərnişinə isə Naxçıvan istiqamətində xidmət göstərib.
2023-cü ilin 11 ayı ərzində 42 aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm uçuşlar həyata keçirib ki, onların da 18-si aşağıbüdcəli aviadaşıyıcılardır. Onların payına düşən sərnişinlərin sayı ümumi xarici aviaşirkətlərə nisbətdə 43,4 faiz təşkil edib. Ümumilikdə, ən çox sərnişin “Turkish Airlines”, “Georgian Wings”, “Aeroflot”, “Utair” və “FlyDubai” aviaşirkətləri tərəfindən daşınıb.