Bakı Ali Neft Məktəbində Xocalı şəhidlərinin xatirəsi anılıb
Bakı, 25 fevral, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
BANM-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov vurğulayıb ki, Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan Xocalı soyqırımı XX əsrdə insanlığa qarşı törədilmiş ən qəddar və ən dəhşətli cinayətdir. Ermənilərin zaman-zaman xalqımızın başına gətirdikləri müsibətlərdən söz açan E.Qasımov Xocalı faciəsinin düşünülərək, planlı şəkildə həyata keçirilmiş, insanlıq əleyhinə törədilmiş ən ağır cinayət olduğunu qeyd edib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri Xankəndində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbi heyətinin köməyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Həmin gecə Xocalının 613 sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 1275 nəfər əsir düşüb, 150 nəfərin taleyi hələ də məlum deyil. E.Qasımov Prezident İlham Əliyevin məqsədyönlü siyasəti və Azərbaycan xalqının güclü iradəsi nəticəsində tezliklə Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınacağına, bu cinayəti törədənlərin tarix və qanun qarşısında cavab verəcəklərinə əminliyini bildirib.
Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli çıxışında bildirib ki, Azərbaycan dövləti və xarici ölkələrdə fəaliyyət göstərən diplomatik korpusları, diaspor təşkilatları tərəfindən Xocalı soyqırımının tanıdılması ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlara müraciət edilib. Bu səylər nəticəsində artıq bir çox dünya dövlətlərinin parlamentləri tərəfindən Xocalı faciəsinin soyqırımı kimi tanınmasına və pislənməsinə nail olduqlarını vurğulayan H.Rəcəbli bildirib ki, Xocalı soyqırımına dünya ictimaiyyətinin hüquqi-siyasi qiymət verməsi ölkəmiz üçün taleyüklü məsələdir. Milli Məclisin deputatı gəncləri Xocalı faciəsinin dünyada tanıdılmasında fəal olmağa çağırıb, Xocalı soyqırımı ilə bağlı dövlətimiz tərəfindən vahid siyasətin həyata keçirilməsi barədə məlumatı diqqətə çatdırıb.
Sonda tələbələrin ingilis dilində hazırladıqları, Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib.