BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 340 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4928 manat olmuşdur. Təklif 300 min dollar, tələb isə 340 min dollar olmuş, manatın məzənnəsi 1 bənd düşərək, 1 ABŞ dolları üçün 4929 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemində (BEST) bank sifarişlərində ABŞ valyutasının göstərilən qiyməti 1 USD üçün 4929 manat həddində idi.
BEST-də USD/AZM T+0 aləti üzrə 1 milyon 954 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 9,631 milyarddır. Bir əqdə, orta hesabla, 217 111 dollar düşmüşdür. Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlamamışlar.
BEST-də RUR/AZM TOM aləti üzrə 1 RUR üçün 171,15 manat hesabı ilə, ümumən, 1 milyon 576 min rubl məbləğində əqd bağlanmışdır.
Banklar AVR/AZM alətləri üzrə BEST-ə sifarişlər verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 9,221 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Yanvarın 16-da birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.