BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 1 700 000 dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4902 manat olmuşdur. Təklifin həcmi 1 milyon 620 min dollar və tələbin həcmi 1 milyon 700 min dollar olduğu halda, manatın məzənnəsi 2 bənd düşmüş və 1 dollar üçün 4904 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 dollar üçün 4904 manat həddində idi.
BEST-də USD/AZM T+0 aləti üzrə 8 milyon 889 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 43,582 milyarddır. Bir əqdə, orta hesabla, 683 769 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
Banklar AVR/AZM, RUR/AZM alətləri üzrə BEST-də sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 37,113 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
İyunun 25-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.