Bakı Dövlət Universitetində onlayn imtahanlar davam edir
Bakı, 16 iyun, AZƏRTAC
Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar cari ilin mart ayından başlayan karantin rejimi ölkənin ali məktəblərində distant təhsilə keçid prosesini aktuallaşdırdı. Digər ali məktəblər kimi Bakı Dövlət Universitetinin (BDU) bütün fakültələrində onlayn tədris prosesi başlandı və səmərəli nəticəsini göstərdi. Təhsil Nazirliyinin tövsiyə etdiyi “Microsoft Teams” platforması üzərindən 20 mindən artıq istifadəçi hesabı yaradıldı, texniki çətinliklərin aradan qaldırılması məqsədilə ali məktəbin məsafədən fəaliyyət göstərən 20 əməkdaşdan ibarət işçi qrupu formalaşdırıldı. Platforma BDU tələbələrinin 80 faizini əhatə etdi, ali məktəbin professor-müəllim heyəti tərəfindən 8000-dən çox mühazirə oxundu.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, müəllim-tələbə-tədris əlaqələrinin onlayn formatı Azərbaycan təhsili tarixində ilk dəfə 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının məsafədən təşkil olunmasına da əsas verdi. Universitetin Elmi Şurası COVID-19 pandemiyası dönəmində tələbələrə böyük güzəştlər etdi. Tələbələrin sevincinə səbəb olan müvafiq qərarların verilməsi, onların imtahanlara daha həvəslə hazırlaşaraq, yüksək nəticələr əldə etmələrinə stimul yaratdı. Bütün tələbələrin hər fənn üzrə cari qiymətləndirilməsinin 50 bal olaraq müəyyən edilməsi qərarı onların ruh yüksəkliyinə səbəb oldu. Eyni zamanda, hər fənn üzrə tərtib olunmuş imtahan sualları məzmun və əhatəlilik əsas götürülməklə azaldılaraq sadələşdirildi. Müvafiq ixtisas üzrə tədris planlarında buraxılış kurs tələbələri və magistrantları üçün nəzərdə tutulmuş bütün təcrübələr 100 balla qiymətləndirildi.
Sessiya müddətində imtahanların öncədən təyin olunmuş qaydalara uyğun təşkili məqsədilə lazımi texniki tədbirlər yüksək səviyyədə həyata keçirilib. Bununla yanaşı, imtahan sessiyasında şəffaflığın təmin olunması, imtahanlara təhsilalanların nəzarətinin həyata keçirilməsi, həmçinin tələbə təkliflərinin müzakirəsi məqsədilə BDU Tələbə Nəzarət Qrupu yaradılıb. BDU-nun rəsmi veb-saytında (bsu.edu.az) tələbələrə 2019/2020-ci tədris ilinin yaz imtahan sessiyası ilə bağlı tövsiyələr verilib, onların onlayn imtahanlar zamanı nələrə diqqət yetirməli olduqları xatırladılıb. İmtahanlar tərtib olunmuş cədvəllərə uyğun olaraq istirahət və bayram günləri istisna olmaqla iki növbədə - saat 10:00-13:00 və saat 14:00-17:00 aralıqlarında təşkil olunur. Elektron yaddaşa yazılan imtahanlar kafedra müdiri, fənn müəllimi və kafedranın əlavə bir əməkdaşının iştirakı ilə onlayn keçirilir. İmtahan nəticələri imtahanın gedişində tələbələrə elan edilir və təsdiq üçün aidiyyəti üzrə Tədrisin təşkili və idarə olunması mərkəzinə və Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinə təhvil verilir.
İmtahanların gedişini rektor, prorektorlar, dekanlar, kafedra müdirləri və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilir. Həmçinin tələbə müraciətlərinin operativ araşdırılması üçün Apellyasiya Komissiyası fəaliyyət göstərir. Komissiyaya müraciətlər onlayn formada həyata keçirilir.
İyunun 8-dən başlayan onlayn imtahan sessiyasının ilk həftəsinə uğurla yekun vurulub. Bu müddət ərzində bakalavriat pilləsində təhsil alan 860 qrup üzrə 19 min 45 tələbə, magistratura pilləsində isə 327 ixtisaslaşmada 246 fənn üzrə 1081 magistrant imtahanlarda iştirak edib. Bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər. 16 fakültə üzrə təhsil alan tələbələr bütövlükdə 4000-ə yaxın fənn üzrə imtahan verəcək. Beş həftə ərzində onlayn qaydada şifahi formada davam edəcək yaz semestrinin imtahan sessiyası iyulun 10-da yekunlaşacaq.
Bu gündən etibarən isə BDU-nun 2019/2020-ci tədris ilinin yaz semestrinin onlayn imtahan sessiyasının ikinci həftəsi start götürür.