“Bakı Metropoliteni” QSC-nin vaqon parkında yanğın-taktiki təlim keçirilib
Bakı, 29 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri razılaşdırılmış cədvələ əsasən, “Bakı Metropoliteni” QSC-nin Nəriman Nərimanov adına elektrik deposunun ərazisində yerləşən vaqon parkında yanğın-taktiki təlim keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, elektrik deposunun ərazisində yerləşən vaqon parkında 27-ci yolda dayanan qatarın ikinci vaqonunda baş vermiş şərti yanğın hadisəsi yanğın-taktiki təlimin əsas mövzusu olub. Əvvəlcə şərti yanğın hadisəsinin baş verməsi barədə səsucaldıcı vasitəsilə məlumat verilib. Dərhal sonra metropoliten işçiləri ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlayıblar. FHN-in 112 - qaynar telefon xəttinə yanğın barədə “məlumat ötürülüb”.
Daha sonra Dövlət Yanğından Mühafizə Xidmətinin 1 saylı Xüsusi Təyinatlı Yanğından Mühafizə Hissəsinin yanğın avtomobilləri və canlı qüvvəsi şərti yanğın hadisəsinin baş verdiyi ünvana gələrək “yanğını söndürüblər”.
Təlim başa çatdıqdan sonra FHN-in əməkdaşları tərəfindən metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı döyüş hərəkətləri, metropoliten ərazisində yanğınların söndürülməsi və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.