SİYASƏT
Bakı müxtəlif mədəniyyətlərin, qədimliklə müasirliyin qovuşduğu bir məkandır
“İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfransın Bakıda keçirilməsi onun əhəmiyyətini daha da artırır. Çünki Bakı müxtəlif mədəniyyətlərin, qədimliklə müasirliyin qovuşduğu bir məkandır.
Bu sözləri oktyabrın 20-də Malayziyanın ailə, qadın, uşaq və cəmiyyətin inkişafı məsələləri naziri xanım Dato Sri Ruhani Əbdül Kərim AZƏRTAC-a müsahibəsində deyib.
Konfransın gündəliyinin çox zəngin olduğunu söyləyən malayziyalı nazir İslam ölkələrində qadınların rolunun artırılmasının vacibliyini vurğulayıb.
Azərbaycanın iqtisadi inkişafının gündən-günə sürətləndiyini söyləyən Dato Sri Ruhani Əbdül Kərim ölkəmizin Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrinin genişlənməsinin əhəmiyyətindən danışıb. Azərbaycan ilə siyasi, mədəni, iqtisadi sahələrdə əməkdaşlığın ölkəsi üçün önəmindən bəhs edən xanım nazir rəsmi Bakının Malayziya üçün vacib tərəfdaş olduğunu bildirib.
Qonaq bu beynəlxalq tədbirin ailə, qadın problemlərinin müzakirə edilməsi və onların həlli yollarının tapılması istiqamətində mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.
Dato Sri Ruhani Əbdül Kərim Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət və anlayış içində bir arada yaşadıqlarını yüksək qiymətləndirib.
Malayziyalı nazir, həmçinin bu konfransın reallaşdırılan müxtəlif layihələrdə qadınların fəallıqlarının artırılması baxımından əhəmiyyətini vurğulayıb.