Bakı-Şamaxı-Yevlax avtomobil yolundakı son vəziyyət açıqlanıb
Bakı, 12 mart, AZƏRTAC
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 39-45-ci kilometrlik hissəsində, Şamaxı rayonu istiqamətində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. Gecə saatlarından etibarən sözügedən hissədə xüsusi texnikalar qarın təmizlənməsinə cəlb edilsə də, əsən güclü külək nəticəsində yol kənarında olan qar yolun hərəkət hissəsini yenidən örtür.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 39-45-ci kilometrlik hissəsində qarın təmizlənməsi istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, sözügedən problem ancaq Şamaxı rayonu istiqamətində müşahidə olunur. Yol ayrıcına quraşdırılmış dəmir-beton maneələr qarın digər istiqamətə keçməsinin qarşısını alır. Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsinin köməkliyi ilə magistral yolun sözügedən 6 kilometrlik ərazisində əks istiqamət üzrə, yəni paytaxt Bakı istiqamətində müvəqqəti ikitərəfli hərəkət təmin olunub.