BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİNDƏ ALTIAYLIQ YEKUNLAR MÜZAKİRƏ EDİLMİŞDİR
BŞBPİ rəisinin müavini, general-mayor Yaşar Əliyev 2006-ci ilin birinci yarımilliyinin yekunlarına həsr olunmuş məruzəsində bildirmişdir ki, Bakı polisi paytaxtda ictimai asayişin qorunması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi sahəsində qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlmişdir.
Rəis müavini onu da qeyd etmişdir ki, iyulun 2-də qeyd olunan Polis günü ərəfəsində dövlətimizin başçısının sərəncamları ilə daxili işlər orqanlarının əməkdaşlarının vəzifə və xüsusi rütbəyə görə maaşlarının artırılması, bəzi zabitlərə ali rütbələrin verilməsi, bir qrup polis əməkdaşının dövlət mükafatları ilə təltif olunması da şəhər polis qarnizonunun şəxsi heyətinin ruh yüksəkliyinə səbəb olmuşdur. Əməkdaşlarımız dövlət başçısının bu diqqət və qayğısını minnətdarlıq hissi ilə qəbul edərək, bundan sonra da göstərilən etimadı doğruldacaqdır.
Natiq məlumat vermişdir ki, hesabat dövründə paytaxtda 4023 cinayət, o cümlədən 433 ağır və xüsusilə ağır növ cinayətlər qeydə alınmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu növ cinayətlərin 19,5 və 29,3 faiz artdığı müşahidə edilmişdir. Digər tərəfdən quldurluq halları 62-dən 57-yə enmişdir. Zorlama cinayətlərinin sayı sabit qalmış, qəsdən adamöldürmə 1 fakt artmışdır. Təhlillər göstərir ki, ümumi cinayətlərin sayı, əsasən, döymə, qəsdən sağlamlığa yüngül zərərvurma, dələduzluq, nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması və s.hesabına artmışdır. Paytaxtda qeydə alınmış cinayətlərin 91 faizi, o cümlədən ağır və xüsusilə ağır cinayətlərin 76,6 faizi açılmışdır.
BŞBPİ-nin idarə və şöbələrinin rəhbərləri və digər natiqlər uğur və nöqsanlardan, qarşıda duran vəzifələrdən danışmışlar.
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, general-leytenant Məhərrəm Əliyev bildirmişdir ki, BŞBPİ paytaxtda ictimai-siyasi vəziyyətin sabitləşməsinə və əməliyyat-axtarış, istintaq, profilaktik tədbirlərin səmərəliliyinin artırılmasına nail olmuşdur. Bakı polisinin işində qüsurların da olduğunu vurğulayan Məhərrəm Əliyev, məsuliyyətin gücləndiriləcəyini, nöqsanlara yol vermiş hər bir əməkdaşın cəzalandırılacağını diqqətə çatdırmışdır.
İdarə rəisi onu da vurğulamışdır ki, axtarışda olan cinayətkarların, demək olar, çox hissəsinin tutulmasına baxmayaraq, bəzilərinin bu günə qədər aşkar edilib tutulmaması, əlbəttə, əməliyyat şəraitinə mənfi təsir göstərən amillərdəndir.
Ümummilli liderimiz Heydər Əliyevin yaratdığı sabitliyin davam etməsinin vacibliyini söyləyən natiq demişdir ki, Bakıda yaranmış əmin-amanlığı qoruyub saxlamaq üçün bütün imkanlardan istifadə edəcəyik. O, dövlətimizin başçısı İlham Əliyevi əmin etmişdir ki, Bakı polisi həmişə olduğu kimi, bundan sonra da qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəkdir.