Bakı Şəhər İcra Hakimiyyəti növbəti ağacəkmə aksiyası keçirib
Bakı, 18 mart, AZƏRTAC
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşkilatçılığı ilə Bakı-Ələt magistral avtomobil yolunun kənarında 2 hektar sahədə, həmçinin mərkəzdə Şəmsi Bədəlbəyli küçəsi boyunca növbəti ağacəkmə aksiyası keçirilib.
BŞİH-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aksiya yaz əkin mövsümü ərzində paytaxtda yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlərin çərçivəsində təşkil edilib.
Mövcud karantin rejiminin tələblərinə uyğun olaraq təşkil edilmiş aksiyada icra qurumlarının əməkdaşları tərəfindən ağac əkilən ərazi əvvəlcədən daşlardan, kollardan, tullantılardan, qurumuş ağac kötüklərindən təmizlənib, bura əkin üçün hazır vəziyyətə gətirilib. Aksiya zamanı Abşeronun iqliminə uyğun 2000-dən çox Eldar şamı, kiparis və digər ağaclar əkilib. İcra hakimiyyəti tərəfindən yeni əkilən ağaclara qulluq göstərilməsi üçün suvarma sisteminin quraşdırılması nəzərdə tutulub və əraziyə cavabdeh şəxslər müəyyən olunub.
Həmçinin mərkəzdəki Şəmsi Bədəlbəyli küçəsində xüsusi rəng çalarlarına malik olan və Bakı şəhərində yaşıllıq sahəsində yeni rənglərin yaranmasına səbəb olacaq yeni növ Hind yasəmənləri əkilib, səkilərə yeni qazon örtüyü salınıb.
Belə aksiyaların mövsümün sonunadək paytaxtın digər ərazilərində də keçiriləcək.
Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşları ətraf mühiti qorumağa, təbiətə qayğı ilə yanaşmağa və onun müdafiəçisi olmağa çağırır.