BAKIDA 11-Cİ “BAKUTEL-2005”BEYNƏLXALQ TELEKOMMUNİKASİYA VƏ İNFORMASİYATEXNOLOGİYALARI SƏRGİSİ AÇILMIŞDIR
Böyük Britaniyanın İTE Group plc və onun Qafqazdakı məxsusi tərəfdaşı İteca Caspian şırkətlərinin təşkilatçılığı ilə keçirilən sərginin açılış mərasimində çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov son illər Azərbaycanda prioritet sahə kimi neft sektoru ilə yanaşı, qeyri-neft sektorlarının inkişafının vacibliyindən danışmış, hazırda rabitə və İKT sahəsinin ölkə iqtisadiyyatının mühüm hissəsinə çevrilərək, sürətlə inkişaf etdiyini vurğulamışdır. Bunun nəticəsidir ki, bu sahəyə xarici sərmayələrin qoyuluşu artmış, özəl sektorun inkişafına, yeni müəssisələrin açılmasına, müasir texnologiyaların respublikamıza gətirilməsinə əlverişli şərait yaranmışdır. Sərgilərə maraq ildən-ilə artır, belə ki, bu il 50-yə yaxın xarici şirkətdən 25-i sərgidə ilk dəfə iştirak edir.
Prezidentin İcra Aparatının informasiya resursları və texnologiyaları şöbəsinin müdiri Elmir Vəlizadə rabitənin inkişafı ilə bağlı hazırlanmış və bu yaxınlarda Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş Dövlət Proqramının həyata keçirilməsində, elektron hökumətin qurulmasında belə beynəlxalq tədbirlərin əhəmiyyətindən danışaraq vurğulamışdır ki, rabitə və İKT sahəsində əldə olunan uğurlar tezliklə Azərbaycanın region ölkələri arasında liderliyini möhkəmlədəcək və regional mərkəzə çevrilməsində mühüm rol oynayacaqdır.
Rəmzi qırmızı lent kəsildikdən sonra tamaşaçılar və qonaqlar pavilyonlarla tanış olmuşlar. Bu il dünyanın 20 ölkəsindən 100-ə yaxın şirkət İKT sahəsində ən son yeniliklər, şəbəkələr, təhlükəsizlik sistemləri, İKT və ofis texnologiyaları, kabel və naqilsiz rabitə, peyk rabitəsi və teleradio yayım avadanlığı, proqramlarla təchizat və avtomatlaşdırma sistemlərinı nümayiş etdirmişlər.
Builki sərgidə, ilk dəfə olaraq, bank texnologiyalarına və elektron hökumətə dair yeni bölmələr təqdim edilmiş, həmçinin iştirakçılar bank texnologiyaları sektorunda, aparıcı banklar mühitində informasiya texnologiyalarının tətbiqi sahəsində ən yeni texnoloji nailiyyətlər, yeni bank xidmətləri, texnoloji həllər və məhsullar ilə də tanış olmuşlar. İştirakçılara internetdən pulsuz istifadə təklif olunmuş, respublikanın 7 regionu ilə video-konfrans keçirilmişdir.
Oktyabrın 29-dək davam edəcək sərgi Rabitə və İnformasiya Texnologiyaları, İqtisadi İnkişaf nazirlikləri, Ticarət və Sənaye Palatası, Milli Sahibkarlar Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycanda İxracın və Sərmayələrin Təşviqi Fondu tərəfindən rəsmi dəstək almışdır.