BAKIDA AZƏRBAYCAN VƏ KOREYA İŞ ADAMLARININ GÖRÜŞÜ OLMUŞDUR
İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, AZPROMO və Koreya İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) təşkilatçılığı ilə keçirilən tədbirdə informasiya texnologiyaları, tikinti, qida sənayesi və digər sahələri təmsil edən 30-dan çox şirkətin nümayəndələri iştirak etmişlər.
İş adamlarının birbaşa danışıqlarının ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsinə xidmət etdiyini bildirən AZPROMO-nun Müşahidə Şurasının sədri Çingiz Əsədullayev demişdir ki, bu əməkdaşlığın böyük bizneslə yanaşı, orta və kiçik biznes səviyyəsində də inkişaf etdirilməsi çox vacibdir.
KOTRA-nın Rusiya təmsilçiliyinin baş direktor müavini Son-Su Kim kiçik və orta biznesin təmsilçilərinin qatıldığı görüşün, əvvəl keçirilən tədbirlər kimi, hər iki tərəf üçün faydalı olacağına ümid etdiyini bildirmişdir.
Qeyd edək ki, bundan əvvəl iki ölkənin iş adamları arasında birbaşa danışıqlar avqustun 28-də Bakıda keçirilən İkinci Azərbaycan-Koreya Biznes Forumu çərçivəsində təşkil olunmuşdu. Cari il mayın 12-də isə AZPROMO və KOTRA arasında “Qarşılıqlı əməkdaşlıq haqqında” anlaşma memorandumu imzalanmışdı.