BAKIDA BƏLƏDİYYƏLƏRƏ SEÇKİLƏRLƏ BAĞLI SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Paytaxtın 11 rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun icra hakimiyyəti, bələdiyyə, məhkəmə, hüquq mühafizə orqanları nümayəndələrinin, habelə kütləvi informasiya vasitələri təmsilçilərinin iştirak etdiyi seminar-müşavirəni Prezidentin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov açmışdır.
O, müstəqil Azərbaycanın ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş ilk Konstitusiyasının ölkəmizdə genişmiqyaslı demokratik islahatların həyata keçirilməsinin əsasını qoyduğunu bildirmiş, Əsas Qanunda birinci dəfə olaraq yerli özünüidarəetmə orqanı kimi bələdiyyə təsisatının da yaradılmasının təsbit edildiyini xatırlatmışdır.
Bildirilmişdir ki, yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst həll etmək hüququnu həyata keçirən, əhalinin mənafeyi naminə dövlət işlərinin bir hissəsini öz üzərinə götürərək yerinə yetirən bələdiyyələrə ilk seçkilər 1999-cu və 2004-cü illərdə keçirilmişdir. Ötən müddətdə bələdiyyələrin ölkəmizdə gedən nəhəng quruculuq, sosial-iqtisadi inkişafın fəal, aparıcı qüvvələrindən birinə çevrildiyini konkret faktlarla diqqətə çatdıran məruzəçi, yerli özünüidarəetmə orqanlarının təşkilatlanması sahəsində görülən işlərdən də danışaraq demişdir ki, hazırda ayrı-ayrılıqda şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyalarının yaradılması məsələsi gündəlikdə durur. Bu məqsədlə işçi qrupları təşkil edilmişdir. Yaxın vaxtlarda assosiasiyaların təsis toplantıları keçiriləcəkdir.
Bundan əvvəl respublikanın müxtəlif bölgələrində də zona seminar-müşavirələrinin keçirildiyini, bu tədbirlərin bələdiyyələrin fəaliyyətinin canlanmasında, mübahisəli məsələlərin aradan qaldırılmasında, habelə maarifləndirmə sahəsində əhəmiyyətli olduğunu bildirən H.Mövsümov tədbir iştirakçılarını müzakirələrdə açıq, işgüzar fikir mübadiləsinə, diskussiyalarda fəal iştirak etməyə çağırmışdır.
Sonra Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadənin “Yerli özünüidarənin təşkili: problemlər, vəzifələr”, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın “İnsan hüquqlarının təmin olunmasında bələdiyyələrin rolu”, Mərkəzi Seçki Komissiyasının sədr müavini Svetlana Qasımovanın “Bələdiyyə seçkilərində vətəndaşların seçki hüquqlarının təmin olunması” mövzularında məruzələri dinlənilmişdir. Məruzələrdə bələdiyyələrin fəaliyyəti üçün ölkəmizdə hərtərəfli hüquqi bazanın mövcud olduğu, son illər beynəlxalq qurumların Azərbaycanda yerli özünüidarə sahəsində əldə edilən uğurları müsbət dəyərləndirdiyi bildirilmiş, bələdiyyə seçkiləri ərəfəsində belə görüşlərin keçirilməsinin əhəmiyyəti vurğulanmış, ötən seçkilərdə əldə edilmiş təcrübənin təkmilləşdirilməsi, yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün həlli vacib məsələlər diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisə seçkilərlə bağlı 2005-ci il 11 may və 25 oktyabr tarixli sərəncamlarında ölkəmizdə seçki praktikasının təkmilləşdirilməsi, müvafiq qanunvericiliyin tələblərinə uyğun demokratik, azad, ədalətli, şəffaf seçkilərin keçirilməsi ilə bağlı müddəalar qarşıdakı bələdiyyə seçkilərində də rəhbər tutulmalıdır.
Yerli özüidarəetmə orqanlarının xeyli müsbət təcrübə topladığını bildirən məruzəçilər bu qurumların işində hələ də çatışmazlıqların, obyektiv və subyektiv səbəblərdən doğan çətinliklərin olduğunu da xatırlatmışlar. Məsələn, bələdiyyələrin torpaq mülkiyyətindən heç də həmişə məqsədəuyğun, qanuna müvafiq istifadə edilmir, torpaq aktlarının verilməsində, qərarların qəbulunda, maliyyə vəsaitlərinin xərclənməsində, icra orqanları ilə, xüsusilə tikinti və memarlıq şöbələri ilə münasibətlərdə hələ də anlaşılmazlıqlar vardır. Bəzi dövlət qurumları bələdiyyələrin fəaliyyətinə əsassız, qanunsuz müdaxiləyə cəhd göstərirlər.
Məruzələrdən sonra müzakirələrdə işgüzar fikir mübadiləsi aparılmış, qarşıya çıxan və həlli vacib olan məsələlər, mövcud çətinliklər barədə söhbət getmiş, seçkilərin azad, demokratik keçirilməsi üçün ayrı-ayrı rayonlarda, bələdiyyələrdə görülən işlər haqqında məlumat verilmişdir.
Seminar-müşavirəyə yekun vuran Hüseyn Mövsümov səslənmiş təklif və tövsiyələrin əlaqədar qurumlar tərəfindən diqqətlə öyrəniləcəyini, müvafiq tədbirlər görüləcəyini bildirmiş, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən cəmiyyətimizin demokratikləşməsi, bələdiyyələrin işinin günün tələbləri səviyyəsində qurulması sahəsində qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsində tədbir iştirakçılarına uğurlar arzulamışdır.