BAKIDA BEYNƏLXALQ SƏHİYYƏ VƏ STOMATOLOGİYA SƏRGİLƏRİ AÇILMIŞDIR
Açılış mərasimində çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev tibb texnikası və dərman preparatları istehsal edən şirkətlərin Bakı sərgisinə marağının ilbəil artdığını bildirmişdir. Bu il sərgidə 23 ölkəni 133 şirkət təmsil edir. Dövlətimizin başçısının səhiyyə sahəsinə böyük diqqət yetirdiyini vurğulayan E.Ağayev xatırlatmışdır ki, gələn ilin büdcəsində bu sahə üçün nəzərdə tutulan xərclər 47,5 faiz artırılmış, Nazirlər Kabineti irsi qan xəstəlikləri, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, onkoloji və digər xəstəliklərdən əziyyət çəkən xəstələrin vəziyyətinin yüngülləşdirilməsinə yönəldilmiş 8 proqram qəbul etmişdir. Bakıda və bölgələrdə müasir tibb mərkəzlərinin tikintisi geniş vüsət almışdır.
Stomatoloji sərgi çərçivəsində sentyabrın 29-da stomatologiyanın aktual problemlərinə həsr olunmuş konfrans keçiriləcəkdir. Tədbirdə Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə, Almaniya və İsrail həkimləri iştirak edəcəklər.
Bu il ilk dəfə olaraq Cənubi Koreya, Bolqarıstan və Yaponiya şirkətləri də öz məhsullarını nümayiş etdirəcəklər.