BAKIDA ESKALATORLU İLK PİYADA KEÇİDİ İSTİFADƏYƏ HAZIRLANIR
Dörd girişli bu keçidin Heydər Əliyev adına Saraya və qarşıdakı parka çıxışlarında hər biri 4 metr dərinliyə enəcək eskalatorlar quraşdırılacaqdır. Bu qurğular Fransa istehsalıdır. Keçidin pilləkənli girişlərində isə əlil apabalarının hərəkət etməsi üçün xüsusi yer olacaqdır.
Keçidin dizaynı da gözoxşayandır. Girişlərdə divarlara ay-ulduz həkk olunacaqdır. Bu hissələrdə yerləşdiriləcək xüsusi materiallar isə elektirik sistemi olmadan belə içərini işıqlandıracaqdır.
Tavan və divarlar müxtəlif təsvirlərlə bəzədiləcəkdir.
Şirkətlər qrupunun nümayəndəsi Sabutay Qəribovun verdiyi məlumata görə, keçidin dizaynında Heydər Əliyev adına Sarayın və sarayın qarşısındakı parkın arxitekturası, materialların rəngi və memarlıq üslubu nəzərə alınmışdır. Layihənin hazırlanmasında milli ornamentlər geniş tətbiq olunmuş, Şərq memarlıq üslubuna üstünlük verilmişdir.
Noyabrın birinci yarısında istifadəyə veriləcəyi gözlənilən obyektə ümumilikdə 1 milyon manat vəsaitin xərclənməsi nəzərdə tutulmuşdur.