Bakıda “GUAM-ın üzvü olan ölkələrdə təhlükəsizlik mədəniyyəti” mövzusunda dəyirmi masa keçirilir
Bakı, 26 noyabr (AZƏRTAC). Noyabrın 26-27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasında “GUAM-ın üzvü olan ölkələrdə təhlükəsizlik mədəniyyəti” mövzusunda “dəyirmi masa” keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbiri BMT-nin Tərk-Silah Məsələləri İdarəsi və Ukrayna Elm və Texnologiya Mərkəzi (UETM) təşkil etmişlər.
UETM-in icraçı direktoru Mişel Zayet bildirmişdir ki, BAEA-nın baş direktoru yanında Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Məsləhət Qrupu Çernobıl qəzasından sonra AES-in təhlükəsizliyinin mühüm şərti kimi “təhlükəsizlik mədəniyyətinin” formalaşmasının və dəstəklənməsinin zəruri olması qənaətinə gəlmişdi. “Təhlükəsizlik mədəniyyəti” konsepsiyasının məzmunu sırf istismar fəaliyyəti çərçivələrindən kənara çıxır və AES-in mövcudluğunun bütün mərhələlərində onun təhlükəsiz istismarına təsir göstərməyə qabil olan bütün fəaliyyət növlərini əhatə edir. O, hətta yüksək idarəetmə sahələrini, o cümlədən qanunvericilik və mənəvi sahələri əhatə edir. Konsepsiyaya görə, bütün bunlar milli səviyyədə vəziyyəti formalaşdırmalı, bu zaman təhlükəsizlik məsələləri daim diqqət mərkəzində olmalıdır. Təhlükəsizlik mədəniyyətinin mahiyyəti istehsalatın bütün mərhələlərində ətraf mühitin təhlükəsizliyinin zəmanətli şəkildə təmin edilməsindən, AES avadanlığının montajından və istismarından, nüvə yanacağının istehsalından, tullantıların basdırılmasına qədər bütün mərhələlərdə nüvə yanacağı və radioaktiv maddələr ilə necə rəftar edilməsindən ibarətdir.
ABŞ-ın Corciya ştatı Universitetinin Beynəlxalq Ticarət Təşkilatı direktorunun müavini, siyasi elmlər doktoru, professor İqor Xripunov tədbir iştirakçılarına bildirmişdir ki, Təhlükəsizlik Şurasının 1540 nömrəli qətnaməsinin (2004-cü il) icrası hər bir dövlətdə müvafiq maddələrin ixracını nəzarətə alaraq aşkarlamalara, beynəlxalq standartları tətbiq etməyə və beləliklə də terrorçular, cinayətkar qrup və şəbəkələrin kimyəvi, bioloji, nüvə və radioloji silahları, onlara aid maddələri və çatdırılma vasitələrini əldə etməsinin qarşısını almağı nəzərdə tutur.
“Dəyirmi masa”da kimyəvi, bakterioloji, radioaktiv və nüvə risklərinin aradan qaldırılması zamanı dövlət təhlükəsizliyi məsələlərinə dair fikir mübadiləsi aparılacaqdır.