BAKIDA HƏZİ ASLANOVUN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ CÜDO ÜZRƏ BEYNƏLXALQ TURNİR KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, mayın 10-11-də Bakıda iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə beynəlxalq turnirə start veriləcəkdir.
Yanvarın 18-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində bu mühüm idman tədbirinə hazırlıq məqsədilə yaradılmış işçi qrupunun ilk iclası keçirilmişdir.
İclasda yığmanın baş məşqçisi və yarışın təşkilat komitəsinin üzvləri iştirak etmiş, bir sıra təşkilati məsələlər müzakirə olunmuşdur.
Bildirilmişdir ki, beynəlxalq yarışda Rusiya, Qazaxıstan, Gürcüstan da daxil olmaqla, təqribən 10 ölkədən 100-dək idmançının iştirak edəcəyi gözlənilir. Həm oğlanların, həm də qızların iştirak edəcəkləri beynəlxalq turnirdə idmançılar 18 çəki dərəcəsində mübarizə aparacaqlar.
Müzakirələr zamanı turnirlə bağlı afişa və dəvətnamələrin hazırlanması, viza işləri, idmançıların yerləşdirilməsi, yeməklə və nəqliyyatla təminatı, həmçinin bu işlərə ayrılacaq maliyyə vəsaiti barədə fikir mübadiləsi aparılmış, bir çox məsələlərdə konkret razılaşma əldə olunmuşdur.
İşçi qrupunun üzvləri cüdo idmanının təbliği və inkişafı məqsədilə respublikamızın bölgələrində fəaliyyət göstərən klub və cəmiyyətlərin təmsilçilərinin də bu yarışa qatılmalarını təklif etmişlər.