BAKIDA İKİNCİ AZƏRBAYCAN-RUSİYA İQTİSADİ FORUMU AÇILMIŞDIR
Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən sədri, Baş nazirin birinci müavini Abbas Abbasov forumu açaraq dedi ki, Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Vladimiroviç Putinin Azərbaycan Respublikasına səfəri günlərində ölkəmizin həyatında olduqca əlamətdar hadisələr baş vermişdir. Bu hadisələr Azərbaycanda Rusiya Federasiyası İlinin açılışına həsr olunmuş mühüm tədbirləri əhatə etdirir. Dünən iki dövlətin başçıları Rusiya Milli sərgisi ilə tanış oldular, Rusiya və Azərbaycanın sahibkarlıq qurumları arasında iqtisadi münasibətlərin daha da inkişaf etməsinə xeyir-dualarını verdilər.
Bakıda Rusiya-Azərbaycan iqtisadi forumu artıq ikinci dəfədir keçirilir. Forumda Rusiyanın federal, mərkəzi orqanlarının, Azərbaycanın nazirlikləri və idarələrinin nümayəndələri, habelə qubernatorları başda olmaqla Rusiya Federasiyasının 26 regionunun təmsilçiləri iştirak edirlər. Forum hər iki ölkənin dövlət qurumları, mərkəzi orqanları, sahibkarlıq qurumları arasında gələcək iqtisadi münasibətlərimizi müəyyənləşdirmək üçün böyük potensial bazaya malikdir. Biz iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın onuncu iclasının işini yekunlaşdırdıq, cənab Xristenko ilə Protokol imzaladıq. Protokolda Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin bugünkü reallıqlarına yekun vurduq.
A.Abbasov vurğuladı ki, vaxtilə Heydər Əliyevin siyasi, iqtisadi və sosial inkişaf sahəsində müəyyən etdiyi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bilirsiniz ki, Heydər Əliyev ilə Vladimir Vladimiroviç Putin arasında mehriban dostluq münasibətləri var idi. Bu, iki dövlət başçısının, iki böyük rəhbərin etimada, qarşılıqlı hörmətə və alicənablığa əsaslanan dostluğu idi. Düşünürəm ki, bugünkü iqtisadi forum ümummilli liderimizin qoyduğu dərin təmələ əsaslanır və bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ötən illər ərzində Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərdə yaxşılığa doğru çox böyük dəyişikliklər baş vermişdir. İki il əvvəl həmkarım Viktor Borisoviç Xristenko ilə birlikdə ölkələrimizin prezidentlərinə hesabat verərkən əmtəə dövriyyəsi sahəsində niyyətlərimizi müəyyənləşdirdik və Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında əmtəə dövriyyəsini 1 milyard dollara çatdırmağı qərara aldıq. Bu səviyyəyə uğurla nail olmuşuq və mən bu münasibətlə rusiyalı və azərbaycanlı həmkarlarımın hamısını təbrik etmək istəyirəm. Onların hər biri dövlətlərimizin əldə etdiyi bu uğura öz töhfəsini vermişdir.
Azərbaycan və Rusiya rəhbərliyi arasında siyasi münasibətlər ən yüksək səviyyədədir. Biz bundan istifadə edərək, iqtisadi münasibətlərimzi uğurla inkişaf etdiririk. Mən sabah da davam edəcək foruma fəal qoşulmuş bütün qonaqlara, bütün iştirakçılara təşəkkürümü bildirmək istəyirəm. Forumun yekunlarına dair müddəalar hazırlanacaq, münasibətlərimizin perspektivləri müəyyən ediləcəkdir.
Sonra Rusiya Federasiyasının sənaye və energetika naziri, hökumətlərarası komissiyanın həmsədri Viktor Borisoviç Xristenko çıxış etdi. O dedi ki, düz iki il əvvəl məhz burada, bu salonda birinci Azərbaycan-Rusiya iqtisadi forumu keçirilmişdir.
O vaxt biz qarşımızda duran vəzifələrdən, ikitərəfli münasibətlərimizdə son dərəcə vacib hesab etdiyimiz sahələrdən danışırdıq. Biz təkcə hökumətlərarası, dövlətlərarası müqavilə-hüquqi bazanın imkanlarını müzakirə etmir, dövlətlərarası qarşılıqlı münasibətlərin inkişafının şərti kimi ölkələrimizin iqtisadiyyatının inkişafından danışırdıq. İki il bundan əvvəl müzakirə etdiyimiz vəzifələrin xeyli hissəsi uğurla həyata keçirilmişdir. Bunun izahı kifayət qədər sadədir: ölkələrimizdən hər birinin iqtisadiyyatının inkişafı qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin rəhnidir. Rusiyada son yeddi il ərzində ümumi daxili məhsulun artım sürəti 7 faiz səviyyəsindədir. Azərbaycanda ötən il ÜDM təxminən 27 faiz, rekord, həsədaparacaq sürətlə artmışdır. İlin başlanğıcı isə bu meyli yalnız möhkəmləndirmişdir ki, bu da Azərbaycanda ÜDM-in hətta daha yüksək artım sürəti olacağından xəbər verir. Azərbaycan iqtisadiyyatının, Rusiya iqtisadiyyatının məhz belə sabit inkişafı bunu dərk etməyə əsas verir ki, ölkələrimizin biznes maraqları, iqtisadi subyektlərinin mənafeləri bu gün xəyali planlar deyil, real layihələrdir.
Belə birgə fəaliyyətin istiqamətləri çox müxtəlifdir. Təsadüfi deyil ki, ikitərəfli münasibətlərimizin, iqtisadiyyatlarımızın inkişafının belə yüksək dinamikası zəminində hazırda infrastruktur layihələrinə mühüm diqqət yetirilir. Bu layihələr, ilk növbədə, yanacaq-energetika kompleksi sahəsindədir. Nəqliyyat kimi sahədə də qarşılıqlı fəaliyyət son dərəcə vacibdir və bu mənada bizim ümidlərimiz Şimal-Cənub beynəlxalq dəhlizinin genişləndirilməsi, möhkəmləndirilməsi ilə bağlıdır. Bu, əlbəttə, rabitə infrastrukturuna da aiddir. Bu, təkcə istehsal infrastrukturuna deyil, eyni dərəcədə maliyyə infrastrukturuna da aiddir.
Əlbəttə, sahə istiqamətləri də diqqətimizdən yayınmayacaq və iqtisadiyyatlarımızın sabit artımı maşınqayırma məhsullarına tələbatın sabit artımını təmin edəcəkdir. Son bir ildə Rusiyadan Azərbaycana maşınqayırma məhsulları göndərilməsinin sabit artımı müşahidə olunur. Eyni zamanda, bu, artıq istehsal mərkəzlərini Azərbaycan ərazisinə keçirməklə müşayiət edilir. Biz bunu maşınqayırma kompleksində, avtomobilqayırmada, məsələn, KamAZ-ın burada kifayət qədər fəal işləməsində görürük.
Abbas Abbasov iki il əvvəl bu məsələləri buradaca, forumda müzakirə edərkən diqqəti Azərbaycanın kənd təsərrüfatı məhsulları bölməsinə, onun Rusiya bazarına çıxarılması imkanlarına cəlb etmişdi.
Təkcə bir il ərzində, özü də son ildə Rusiyaya kənd təsərrüfatı məhsulları satışının həcmi iki dəfə artmışdır. İndi bu, təkcə ən yaxşı pomidor, xiyar və ya nar deyil, həm də emal olunmuş məhsullardır.
Dünən biz Hökumətlərarası komissiyanın onuncu, yubiley iclasını keçirdik. İclas zamanı təkcə çoxlu konkret layihələr deyil, həm də iqtisadi sahədə ikitərəfli qarşılıqlı fəaliyyətin inkişafı üçün mövcud olan müqavilə-hüquq bazası müzakirə olunmuşdur. Biz hazırlanması, nəzərdən keçirilməsi, imzalanması və yaxın vaxtlarda həyata keçirilməsi vacib olan böyük sənədlər paketini müəyyən etdik.
Ümidvaram ki, iclasın yekunlarına görə bizə, hökumət nümayəndələrinə təqdim ediləcək məsələlər kifayət qədər aydın ifadə olunacaq və onların gerçəkləşdirilməsi iqtisadi subyektlərə ölkələrimiz arasında qarşılıqlı fəaliyyəti, ən müxtəlif sahələrdə inteqrasiyanın genişləndirməkdə kömək edəcəkdir.
Sonra çıxış edən Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin müavini Svetlana Orlova bildirdi ki, parlamentlərarası əlaqələr yüksək səviyyədədir. Parlament üzvlərinin tez-tez həyata keçirilən səfərləri Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin hərtərəfli inkişafına öz töhfəsini verir. S.Orlovanın sözlərinə görə, Azərbaycan-Rusiya münasibətlərinin qanunvericilik bazası iki ölkə arasında sürətlə inkişaf edən iqtisadi əlaqələrin tələblərinə artıq cavab vermir.
Sonra çıxış edən “Krokus İntənəşnl” şirkətinin prezidenti, Ümumrusiya Azərbaycanlılar Konqresinin vitse-prezidenti Araz Ağalarovun sözlərinə görə, hazırda Rusiya ilə Azərbaycan arasında xarici iqtisadi əlaqələrdə saldo Azərbaycanın xeyrinə deyildir. A.Ağalarovun fikrincə, bunun səbəblərindən biri Azərbaycanda ölkəmizlə digər dövlətlər arasındakı iqtisadi münasibətlərin daha yüksək səviyyədə inkişafına kömək edən sərgilərin keçiriləcəyi sərgi mərkəzinin olmamasıdır. “Krokus İntənəşnl” şirkəti Azərbaycan Nazirlər Kabinetinə Bakıda iri sərgi mərkəzinin inşası üçün yer ayrılması təklifi ilə müraciət etmişdir.
Stavropol diyarının qubernatoru Aleksandr Çernoqorov çıxışında bildirdi ki, Rusiya Federasiyasının bu subyekti ilə Azərbaycan arasında münasibətlər dinamik inkişaf edir. Azərbaycan Stavropol diyarında neft emalı zavodu tikmək niyyətindədir. Bu diyar öz turizm potensialı ilə məşhurdur. Azərbaycanlılar tez-tez buradakı tanınmış istirahət evlərində dincəlməyə gəlirlər. Diyarın qubernatoru digər MDB ölkələrindən nümunə götürərək, Stavropolda sağlamlıq ocaqları tikməyi təklif etdi. Diyarın rəhbərliyi isə bu işdə azərbaycanlı sərmayəçilər üçün yaxşı şərait yaradacaqdır.
Sonra çıxış edən “LUKoyl” şirkətinin vitse-prezidenti Ravil Maqanov, “Yunayted Kepital Qrup” şirkətinin nümayəndəsi Fuad Axundov, “AMB-Moskva” Beynəlxalq Bankı idarə heyətinin sədri Fuad Abdullayev, “Nikoyl” sərmayə-kommersiya bankı idarə heyətinin sədri Vasili Xamaza bu cür forumların keçirilməsinin ölkələrimiz arasında iqtisadi münasibətlərin gələcək inkişafı üçün mühümlüyünü vurğuladılar.
Forum işini davam etdirir.