Bakıda “İranə Qasımova ilə poetry battle” layihəsinin yeni axşamı keçirilib
Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 13-də Azərbaycan paytaxtında “İranə Qasımova ilə poetry battle” layihəsinin altıncı axşamı keçirilib. Bu dəfə yarışın mövzusu “Motivasiya” olub. Tədbirdə iştirak edən şairlər ilhamverici, istiqamətverici, yaşayıb yaratmaq üçün güc və istək mənbəyi olan şeirlərini təqdim ediblər.
Layihənin müəllifi İranə Qasımova AZƏRTAC-a bildirib ki, Nathalie, İlmira Odinayeva, Yekaterina Zeynalova, Əzizə Laym, Hacı Həşimov və Leyla Qurbanovanın iştirak etdikləri müsabiqədə qalib adına sonuncu şair layiq görülüb.
Finalçıları və qalibləri dizayner, Azərbaycan Yazıçılar Birliyinin üzvü Səbinə Zülalova, musiqiçi, Azərbaycanın Əməkdar artisti Yulya Motorina və Azərbaycan Yazıçılar Birliyinin və Böyük Britaniya Şairlər Cəmiyyətinin üzvü Leyli Salayevanın daxil olduğu münsiflər heyəti müəyyən edib.
Müəllif İranə Qasımova qeyd edib ki, layihənin mövcud olduğu bir il yarım ərzində vətəndaş lirikası, fəlsəfi lirika, məhəbbət lirikası, satira və peyzaj lirikası kimi janrlar üzrə poetik yarışlar keçirilib.
İranə Qasımova Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə poeziya kitabının müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır. O, həmçinin öz pyesi əsasında hazırlanmış “Qadınlar nə istəyir?” satirik tamaşasının quruluşçu rejissoru, ssenarist, habelə “Kişi və qadın” poetik tamaşasında baş rolun ifaçısıdır. Şairə, eyni zamanda, “İranə Qasımova ilə poeziya klassikası”, “Poetry battle with Irana Kasimova”, “İranə Qasımova ilə açıq mikrofon” populyar layihələrinə müəlliflik edir.