BAKIDA İSTEHSAL EDİLƏN NOUTBUKLAR YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR
Tunisdə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinin əsas təşkilatçılarından biri olan dünya şöhrətli İntel Korporasiyasının Azərbaycandakı nümayəndəliyinin - ULTRA şirkətinin baş direktoru Tahir Mirkişili AZƏRTAC-ın müxbirinə demişdir ki, sammitin davam etdiyi günlərdə ULTRA-nın istehsalı olan noutbuklar da nümayiş etdirilmiş, Bakıda hazırlanan bu texnikanın keyfiyyət və dizaynı ölkəmizə marağı xeyli artırmış, mütəxəssisləri razı salmışdır. Dünyada ən ciddi problemlərdən olan “Rəqəmsal ziddiyyət”in aradan qaldırılmasında Azərbaycanda görülən işlər sammit iştirakçılarında xüsusi maraq oyatmışdır. Ölkəmizdə Simsiz İnternet Zonalarının yaradılması, universitetlərdə, orta məktəblərdə maarifləndirici tədbirlərin keçirilməsi, tələbələr üçün xüsusi güzəştli kredit proqramı, hər bir evin telefon xətti vasitəsilə internetə çıxış imkanına malik olması bu problemin həllində “Azərbaycan modeli” kimi tanınmışdır.