SİYASƏT
Bakıda keçiriləcək COP29 çərçivəsində mümkün əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb VİDEO
![Bakıda keçiriləcək COP29 çərçivəsində mümkün əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb VİDEO](/files/2024/1/1200x630/17083793315636447215_1200x630.jpg)
Paris, 20 fevral, AZƏRTAC
Beynəlxalq Enerji Agentliyinin qərargahında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci və 29-cu sessiyalarına həsr olunmuş yüksək səviyyəli dəyirmi masa keçiriləcək.
AZƏRTAC xəbər verir ki, dəyirmi masada ölkəmizi təmsil edəcək xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev fevralın 19-da Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüşüb.
Görüşdə nazir müavini Azərbaycanın COP29-a ev sahibi seçilməsini ölkəmizə olan etimadın göstəricisi kimi qiymətləndirib.
Y.Rəfiyev Bakı COP29-da tərəf dövlətlərin iqlim dəyişmələri ilə mübarizə sahəsində önəmli qərarlar verməli olduğunu diqqətə çatdırıb.
Azərbaycanın COP29-un sədri olaraq konfransın uğurlu yekunlarının təmin edilməsi istiqamətində diplomatik səylərini əsirgəməyəcəyini, şəffaf, inklüziv və neytral sədrlik fəaliyyəti həyata keçirəcəyi vurğulanıb.
Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol Azərbaycanı COP 29-a ev sahibliyinə seçilməsi münasibəti ilə təbrik edərək, bu gün bütün dünyanın gözünün Bakıda olduğunu vurğulayıb.
Görüşdə Bakı COP29 tərəflər konfransı çərçivəsində mümkün əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.