İDMAN
Bakıda keçirilən ikinci beynəlxalq həmrəylik tennis çempionatının şəxsi yarışlarında finalçılar müəyyənləşib
Bakı, 26 iyul, AZƏRTAC
Bakıda keçirilən ikinci beynəlxalq həmrəylik tennis çempionatının şəxsi yarışlarında finalçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, qızların yarımfinal yarışlarında rusiyalı tennisçi Anjelika İsayeva Qırğızıstan təmsilçisi Sara Kunakunovaya, onun həmyerlisi Kseniya Palkina isə türk idmançı Lara Biterə qalib gələrək finala yüksəliblər.
Oğlanların şəxsi mübarizəsində isə finalda belaruslu idmançılar - Yaroslav Şila və Maksim Dubarenko qarşılaşacaqlar. Belarus təmsilçiləri yarımfinal mərhələsində Səudiyyə Ərəbistanı tennisçisi Saud Alhaqbanini və seneqallı Yannik Lanquinanı üstələyiblər.
İyulun 27-dək davam edəcək yarışda Azərbaycan tennisçiləri ilə yanaşı, Albaniya, Bəhreyn, Belarus, İraq, Qırğızıstan, Maldiv adaları, Mozambik, Rusiya, Səudiyyə Ərəbistanı, Liviya, Seneqal, Tacikistan, Türkiyə və Uqanda idmançıları birincilik uğrunda mübarizə aparırlar.
Çempionatın tərəfdaşları Azərbaycan Tennis Federasiyası, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), Bakı Tennis Akademiyası, “BİR” Tələbə Könüllü Təşkilatı, İdman Azərbaycan kanalı, "Coca-Cola" və "Toyota" şirkətləridir.