BAKIDA “MARİNA RİNALDİ” BUTİKİ AÇILMIŞDIR
Mağazanın menecerlərinin sözlərinə görə, burada orta və ahıl yaşlı bakılılar, bir sözlə xanım-xatın qadınlar üçün geyimlər satılacaqdır.
“Marina Rinaldi” nişanı “Üslub ölçü deyil, üslub əhvali-ruhiyyədir!” devizini əsas tutur. Marina Rinaldi ötən əsrdə yaşamış və dərzi olmuşdur. Firmanın əsasını nəvəsi Akalle Maramotti qoymuş və ilk dəfə sadə, ancaq dahiyanə bir ideyanı – qeyri-standart ölçülərdə dəbdə olan, müasir üslublu qadın geyimləri yaratmaq ideyasını həyata keçirmişdir. Hazırda firmanın dünyanın müxtəlif ölkələrində 200-dən çox mağazası var.
Firmanın menecerləri mağazanın ilk alıcılarını 2006-2007-ci il payız-qış geyim nümunələri ilə tanış etmişlər. Kolleksiyada qara və ağ rənglər ön plana çəkilsə də, mavi və qırmızı rənglərdən də istifadə olunmuşdur. Mağazada təbii ipəkdən tikilmiş, naxışlar və muncuqlarla bəzədilmiş ziyafət geyimləri xüsusilə diqqəti cəlb edir.
“Marina Rinaldi” alıcılara daim yüksək keyfiyyətli və dəbdə olan geyimlər təklif edəcəyinə söz verir.