BAKIDA “QAFQAZ KUBOKU” UĞRUNDA BEYNƏLXALQ KONKUR YARIŞLARI BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, oktyabrın 24-də Bakı Cıdır Meydanında Beynəlxalq Atçılıq Federasiyasının (FEİ) rəsmi turniri kimi Azərbaycanda ilk dəfə olaraq atçılıq idmanı üzrə “Qafqaz kuboku” uğrunda beynəlxalq konkur yarışlarının startı verilmişdir.
“Günay” Atçılıq Təsərrüfatının təşkilatçılığı ilə keçirilən bu beynəlxalq turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Gürcüstanın atçılıq idman klublarının təmsilçiləri də yarışların baş mükafatına sahib olmaq uğrunda mübarizəyə qoşulmuşlar.
Yarışların marşrutu, maneələrin sayı, onların hündürlüyü və keçid sürəti FEİ-nin nümayəndəsi, beynəlxalq dərəcəli kurs-dizayner Vladimir Platov tərəfindən müəyyənləşdirilmişdir. Yarışların baş hakimi FEİ-nin təmsilçisi, beynəlxalq dərəcəli hakim, qazaxıstanlı Pyotr Solovyovdur.
Üç gün davam edəcək turinirin ilk günündə 12 idmançı mübarizəyə qoşulmuşdur. Bu mərhələdə marşrutu müəyyən olunmuş müddətdən əvvəl, cərimə xalsız başa vuran 9 idmançı maneələri təkrar dəf etmək üçün yenidən mübarizə aparmışdır.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda marşrutu “Dar” ləqəbli atla 40,60 saniyəyə, cərimə xalsız başa vuran Gürcüstan təmsilçisi İvan Norakidze turnirin ilk mərhələsinin qalibi olmuşdur. İkinci yeri “Rodriqo” ləqəbli atla maneələri 41,76 saniyəyə, cərimə xalsız dəf edən Azərbaycanın “Günay” Atçılıq İdman Klubunun təmsilçisi Seyid Musayev tutmuşdur. Üçüncü yer də “Erosi” ləqəbli atla marşrutu 46 saniyəyə, cərimə xalsız başa vuran Tbilisi İppodromunun idmançısı İvan Norakidzeyə nəsib olmuşdur.
Qaliblərə diplom və hədiyyələr verilmişdir.
Oktyabrın 25-də turnirin əsas mərhələsi - “Qafqaz kuboku” uğrunda yarışlar keçiriləcəkdir.