Bakıda qızıl medal qazanan atlet: Hər gəlişimdə inkişaf edən gözəl şəhər görürəm
Bakı, 26 avqust, AZƏRTAC
Üç yüz metr məsafəyə tüfəngdən atəş açma çox çətin növdür.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatında 300 metr məsafəyə tüfəngdən atəş açma yarışında qızıl medal qazanan Macarıstan atleti İştvan Peni turnirin mətbuat xidmətinə açıqlamasında deyib.
O bildirib ki, normal tüfənglərdən fərqli olaraq, onun istifadə etdiyi silahın çəkisi ağır olur: “Digər növlərlə müqayisədə çətinlik yaradır. Amma hədəfin ölçüsü bir az böyük olur”.
Dünya çempionu Bakıdakı yarışda qalib gəldiyi üçün xoşbəxt olduğunu söyləyib: “2018-ci ildəki dünya çempionatında gümüş, ötən il Misirdə keçirilmiş mundialda isə bürünc medal qazanmışdım. Nəhayət Bakıda qızıl medal mənim oldu. Artıq kolleksiyamda bir dəst medal var”.
Macarıstanlı atıcı olimpiya növü olmamasına rəğmən bu kateqoriyanı seçməsinin səbəbini də açıqlayıb: “10, 25 və 50 metr məsafəyə atəş açma növlərində də iştirak etmişəm. Niyə bu növü sevirəm? Ümumiyyətlə, atıcılıq mənim həyatımdır. Silahı tutmaq, onunla davranmaq, barıtın qoxusu, patronun düşməsi... Bunların hamısı mənim üçün stimul və əyləncədir”.
İştvan Peni paytaxtımız və Bakı Atıcılıq Mərkəzi barədə də fikirlərini bölüşüb: “Bakıya ilk dəfə 2015-ci ildə gəlmişəm. Burada alışmadığımız tək şey havanın tez-tez küləkli olmasıdır. Bu da təbii prosesdir. Çünki Bakı küləklər şəhəridir. Amma paytaxtınız və bu mərkəz çox gözəldir. Hər gəlişimdə inkişaf edən gözəl şəhər görürəm. Bakı hər dəfə dəyişir. Azərbaycan Atıcılıq Federasiyasının fəaliyyətinə də toxunmaq lazımdır. Burada böyük işlər görülür. Yaradılan mərkəz sayəsində bu idman növünün inkişafı yönündə addımlar atılır. Belə yarışların təşkili bunu sübut edir”.