BAKIDA ŞƏHİD MÜŞFİQ İSAYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ TURNİRİN AÇILIŞI OLMUŞDUR
Bakı, 17 yanvar (AZƏRTAC). Bakı İdman Sarayında güləş üzrə idman ustası, 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq güləş turnirinin açılışı olmuşdur. Yarışda Azərbaycan, Gürcüstan, Finlandiya, Özbəkistan, Rusiya, Ukrayna və İrandan 115 idmançı mübarizə aparır.
Açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycanın müstəqillik qazandıqdan sonra bütün sahələrdə olduğu kimi, idmanda da uğurların əldə edildiyini söyləmişdir. Artıq ənənə halını alan bu beynəlxalq yarış gənc Azərbaycan güləşçilərinin gələcək uğurlarının əsasını qoymuşdur.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Müşfiq İsayevin qardaşı X.İsayev bu yarışın qardaşının xatirəsinə layiqli töhfə olduğunu bildirmişdir. X.İsayev son illərdə Bakı turnirnin inkışaf etdiyini vurğulayaraq, artıq iki ildir ki, Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) təqviminə salındığını söyləmişdir.
FİLA-nın rəsmisi Sergey Novakoski isə Azərbaycanın güclü güləş ənənələrinin olduğunu xatırlatmışdır. O demişdir ki, əgər M.İsayev yaşasaydı, mən şübhə etmirəm ki, o, dünya çempionu ola bilərdi.
Güləş Federasiyasının baş katibi Cavid Qurbanov Azərbaycan güləşçilərinin son illər beynəlxalq yarışlarda qazandığı uğurları xatırladaraq yarışları açıq elan etmişdir.
Konsert proqramından sonra yarış final və üçüncü yer uğrunda görüşlərlə davam etmişdir.