Bakıda Sergey Yeseninin yaradıcılığına həsr olunmuş konsert
Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Musiqi və poeziya: Sergey Yesenin” adlı konsert keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir Bakıdakı Rus Evi, Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyaları, Rusiya Həmvətənlərinin Koordinasiya Şurasının dəstəyi ilə təşkil olunub.
Konsert proqramına S.Yesenin yaradıcılığının pərəstişkarlarının və sənətə yenicə başlayan artistlərin, musiqiçilərin, qiraətçilərin çıxışları daxil olub. Tədbirdə Azərbaycanın Əməkdar mədəniyyət xadimi Rafiq Köşənli, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktrisası Yuliya Heydərova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Alyona İnyakina, Bakı Musiqi Akademiyasının məzunu Yelena Yakubovskaya, Aysel Bağırovanın rəhbərliyi ilə Azərbaycan Milli Konservatoriyasının tələbələri Məhəmməd Hidayətli, Nurəddin Nağıyev, Ağaverdi Lazım və Əminə Dursundan ibarət "Buta" kvarteti, Rus Evi yanında ədəbi klubunun şairələri Türkan Bayramova, Günatay Hüseynova, eləcə də Larisa Tarusovanın rəhbərliyi ilə “Günay” Uşaq teatrının gənc artistləri çıxış ediblər.