BAKIDA “SİVİL CƏMİYYƏTLƏRDƏ UNİVERSİTETLƏRİN ROLU” MÖVZUSUNDA KEÇİRİLƏCƏK BEYNƏLXALQ KONFRANSA HAZIRLIQLA BAĞLI MÜZAKİRƏLƏR APARILMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyunun 11- də Azərbaycan Dillər Universitetində (ADU) bu ilin noyabrın 9-da Bakıda keçiriləcək “Sivil cəmiyyətlərdə universitetlərin rolu” mövzusunda beynəlxalq konfransa hazırlıqla bağlı Dünya Universitetləri Demokratiya Uğrunda Beynəlxalq Təşkilatın (DUDUBT) Direktorlar Şurasının toplantısı keçirilmişdir.
Universitetin rektoru, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, professor Səməd Seyidov rəhbərlik etdiyi ali məktəbin Avropa təhsil sisteminə - Bolonya prosesinə qoşulduğunu diqqətə çatdırmış, universitetin fəaliyyəti, onun beynəlxalq əlaqələri haqqında ətraflı məlumat vermişdir.
Rektor Azərbaycan Dövlət Universitetində təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edərək diqqətə çatdırmışdır ki, hazırda bu elm müəssisəsinin 8 fakültəsində 5 minə yaxın gənc təhsil alır.
Direktorlar Şurasının üzvü, professor Əfqan Abdullayev çıxış edərək bildirmişdir ki, 2005-ci ildə Ukraynanın Yalta şəhərində qurumun XVI Beynəlxalq konfransında ADU-nun DUDUBT-yə üzvlüyü məsələsi müzakirə edilmiş və bu məsələ Direktorlar Şurasının qərarı ilə müsbət həll olunmuşdur.
DUDUBT-nin prezidenti Con Rayd qurumun növbəti konfransının Bakıda keçirilməsindən məmnun olduğunu bildirmiş, tədbir iştirakçılarına xoş arzularını bildirmişdir.
Xatırladaq ki, iqamətgahı Nyu-Yorkda yerləşən və dünyanın 70 qabaqcıl universitetini birləşdirən DUDUBT 1990-cı ildən fəaliyyət göstərir.