Bakıda Ümummilli Liderin 100 illik yubileyinə həsr edilmiş üzgüçülük turnirinin açılış mərasimi olub
Bakı, 13 may, AZƏRTAC
Bakı Su İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş üzgüçülük turnirinin açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra yarış iştirakçıları və hakimlər briqadası zala daxil olublar.
Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev Ulu Öndərin ölkəmizdə idmanın inkişafındakı xidmətlərindən danışıb və idmançılara uğurlar arzulayıb. Bildirib ki, su idman növləri üzrə yarışlar ilin sonunadək davam edəcək.
Sonra yarışa start verilib. Turnirdə 18 komanda açıq yaş qrupunda gücünü sınayır. İki gün davam edəcək turnirin sonunda qaliblər medal və diplomlarla təltif olunacaqlar.