Bakıda valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tədbir keçirilib
Bakı, 31 may, AZƏRTAC
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Avrasiya Kombat Ciu-Citsu Federasiyası və Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Ümid Yeri” Uşaq Sığınacağı və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 3 nömrəli xüsusi internat məktəbinin uşaqları iştirak ediblər.
Tədbirdə Avrasiya Kombat Ciu-Citsu Federasiyası və Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov, Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təsisçisi və idarə heyətinin sədri Taleh Həsənov, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin fiziki hazırlıq bölməsinin əməkdaşı Rəsul Məmmədov və digərləri iştirak ediblər.
Avrasiya Kombat Ciu-Citsu Federasiyası və Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov əvvəlcə uşaqların bayramını təbrik edib. O daha sonra belə tədbirlərin keçirilməsinin əsas məqsədinin uşaqların müdafiəsi, düzgün maarifləndirilməsi, valideyn himayəsindən məhrum olan uşaqlara qayğı göstərmək və eyni zamanda, sağlamlıq imkanları məhdud olan uşaqları sevindirmək olduğunu bildirib.
Daha sonra çıxış edən “Mələklərim” layihəsinin rəhbəri İlahə Abdullayeva uşaqlara qayğıdan, onların da bu cəmiyyətin bir üzvü olduqları, gələcəyin onların əlində olduğu üçün nəvazişə layiq olduqlarından danışıb.
Çıxışlardan sonra tanınmış incəsənət xadimlərinin iştirakı ilə uşaqlar üçün əyləncəli oyunlar və şou-proqram təşkil olunub.