Bakıda “Xəzər: ətraf mühit üçün texnologiyalar” beynəlxalq sərgisi başa çatmışdır
Bakı, 4 noyabr (AZƏRTAC). Böyük Britaniyanın “ITE Group plc” şirkəti və onun Qafqazdakı tərəfdaşı “Iteca Caspian” şirkətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən “Xəzər: ətraf mühit üçün texnologiyalar” (CTE-2011) beynəlxalq sərgisi noyabrın 4-də başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, üç gün davam edən sərgidə İsrail, Fransa, Türkiyə, Çexiya və digər ölkələrin 70-dən çox şirkəti tərəfindən təbii ehtiyatlardan səmərəli istifadə, alternativ enerji mənbələri, suyun təmizlənməsi üzrə ən müasir avadanlıq nümunələri nümayiş etdirilmişdir. Bundan əlavə, yel dəyirmanları, dəniz sularının çirklənmə səviyəsini ölçən xüsusi qurğular, tullantıların emalı üzrə zavodlar və nadir bitkilər sərginin ekspozisiyasına daxil edilmişdir.
Azərbaycanın dövlət qurumları ilə yanaşı, ekologiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da öz məhsulları ilə sərgiyə qatılmışdılar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin struktur bölmələri sərgidə ölkəmizin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində son illər görülmüş işlər barədə stendlə çıxış etmişlər.
Sərgidə, həmçinin “ekoloji turizm” layihəsi ilə Mədəniyyət və Turizm Nazirliyi, təbii fəlakətlərin törətdiyi fəsadları aradan qaldırmaq üçün nəzərdə tutulmuş çevik cavab tədbirləri üzrə layihələrlə Fövqəladə Hallar Nazirliyi, su təchizatıın yenilənməsi layihəsi ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və digər qurumlar iştirak etmişlər.
Azərbaycanda neft-qaz yataqlarının uzun illər ərzində işlənməsi nəticəsində yaranan fəsadları aradan qaldırmaq üçün təqdim olunan bir sıra iri ekoloji layihələr maraq doğurmuşdur.
Sərgi çərçivəsində noyabrın 3-də “Ətraf mühit texnologiyaları və yaşıl iqtisadiyyat imkanları” mövzusunda konfrans keçirilmişdir. Konfransda yeni texnologiyalar və alternativ enerji imkanlarına dair 30-dan çox məruzə dinlənilmiş, mövzu ətrafında müzakirələr aparılmışdır.
“CTE-2011” sərgisi ətraf mühitin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətləri nümayiş etdirməklə yanaşı, ekoloji məsələlər üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, habelə enerjiyə qənaət olunması və alternativ enerji mənbələrinin tətbiqi sahəsində təcrübə mübadiləsinin aparılmasına geniş imkan yaratmışdır.
Beləliklə, ətraf mühitin qorunması və şirkətlər arasında əməkdaşlığın inkişafı baxımından böyük əhəmiyyyət daşıyan sərgi işini başa çatdırmışdır.