Bakıdakı Rus evində Beynəlxalq Könüllülər Günü qeyd olunub
Bakı, 7 dekabr, AZƏRTAC
Könüllülük fəaliyyəti gənclərin sosial fəallığının əsas təzahür formalarından biridir. Bir çox miqyaslı tədbirlərinin uğurla keçirilməsi həm təşkilatçılara kömək edən, həm də tədbirlərin keçirilməsində fəal iştirak edən könüllülər sayəsində mümkün olur.
AZƏRTAC Rusiya İnformasiya- Mədəniyyət Mərkəzinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Beynəlxalq Könüllülər Gününün qeyd olunması çərçivəsində Bakıdakı Rus evində Azərbaycanın Rus Gəncləri Assosiasiyasının fəal iştirakçılarının mükafatlandırma mərasimi keçirilib. Etnoqrafiya və coğrafi imlalarda iştirak edən könüllülər də xatirə hədiyyələri ilə təltif edilib.
Mətbuat xidmətinin məlumatında qeyd edilir ki, könüllülük uşaqların özləri üçün də böyük əhəmiyyət kəsb edir, çünki bacarıqları inkişaf etdirməyə, yeni insanları tanımağa və dünyagörüşünü inkişaf etdirməyə imkan verir. Könüllülük fəaliyyəti karyeraya başlamaq və şəxsi məqsədlərə nail olmaq üçün əla yol ola bilər.