MƏDƏNİYYƏT
Bakıdakı Rus evində Beynəlxalq Qadınlar Günü qeyd edilib
Bakı, 9 mart, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Bakıdakı Rus evi Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert təşkil ediblər.
Bu barədə AZƏRTAC-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətində məlumat veriblər.
Konsertdən əvvəl çıxış edən Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov qadınları bayram münasibətilə təbrik edərək onlara səadət və cansağlığı, həmçinin yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.
Konsert proqramına Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimləri, məzunları və tələbələrinin ifası daxil edilib. Proqramın aparıcısı və təşkilatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina olub. Konsert iştirakçılarının çıxışları tamaşaçılar tərəfindən sevinclə və alqışlarla qarşılanıb.
Konsertlə yanaşı, Bakıdakı Rus evi, “Chagh Art Platform” və “Art Cardio”nun təşkilatçılığı ilə 8 Marta həsr olunmuş “Harmoniya” adlı sərgi keçirilib.
Vaqif Muğallının kuratorluğu ilə təşkil edilən sərgidə 40-a yaxın rəssamlıq, heykəltaraşlıq və bədii fotoqrafiya nümunələri təqdim olunub. Onların hər biri müxtəlif janr və üslubda, 30 rəssam, heykəltaraş və fotoqrafın – Rəfail Əliyev, Mir Azər Abdullayev, İlham Mirzəyev, Diana Əliyeva, Cavid Məmmədov, Xanlar Əsədullayev, Sahib Yaqubov, Alina İqnatova, Ellada İsmayıl və başqalarının yaradıcılığının məhsuludur.