Bakıdakı Rus evində estrada musiqisi səsləndirilib
Bakı, 21 dekabr, AZƏRTAC
“Rus qışı” festivalı çərçivəsində dekabrın 20-də Bakıdakı Rus evində estrada musiqisi konserti təşkil olunub. Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və Bakıdakı Rus evinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.
AZƏRTAC xəbər verir ki, dinləyicilər üçün Azərbaycan, rus və xarici estradaların tanınmış müasir hitləri və artıq klassikaya çevrilmiş vokal və instrumental əsərlərindən ibarət konsert proqramı hazırlanıb. Əsərlər Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərova, BMA-nın baş müəllimi Lalə Muxtarova, BMA-nın konsertmeysteri Dilarə Kərimova, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Xor Kapellasının artistləri Kamilla İmanova, Fərhad Ələkbərov, Əlyar Əliyev, beynəlxalq müsabiqələr laureatı Emil Malıqin, BMA-nın məzunları Əminat Əhmədova və Nərgiz Məmmədovanın, eləcə də Cavid Babayevin və “Yaşlek” tatar gənclər təşkilatının gənc ifaçıları tərəfindən ərməğan edilib.
Konsertin aparıcısı və layihənin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının baş müəllimi Alyona İnyakina olub.